Mahmud məqamı nədir? Bu məqama necə çatmaq olar?

6 Avqust 2022 20:55

Mahmud məqamı - adından da göründüyü kimi, çox yüksək məqamdır ki, sitayişə aid olan hər bir məqamı əhatə edir. Bu məqama ancaq Peyğəmbər (s) gecə ibadətləri və səhər çağı etdiyi münacatlar sayəsində çatmışdı.

Təfsirçilər bu məqam haqqında deyirlər ki, bu məqam - Peyğəmbərin (s) böyük şəfaətidir. "Və gecənin bir hissəsini onun üçün - (yalnız) sənə əlavə bir vəzifə olan (Quran oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın". ("İsra" 79).

İmam Sadiq (ə) buyurur ki, bu məqam - mahmud məqamıdır.

Başqa bir ehtimal da vardır ki, mahmud məqamı - İlahi qürb məqamının son həddidir. Onun təsirlərindən biri də şəfaətdir.

Baxmayaraq ki, yuxarıdakı ayənin xitab edildiyi şəxs Peyğəmbər (s) olsa da, əslində bu ayə bütün möminlərə xəbər verir ki, əgər gecə namazını yerinə yetirsələr, Quran tilavət etsələr və səhər çağının münacatını yerinə yetirsələr - bu məqama çata bilərlər.

Ən azı bu məqamın bir payına malik ola bilərlər. Öz iman və əməl səviyyəsinə görə İlahi qürb məqamına çata bilərlər. Bu yolla günahkarlara şəfaət verə biləcəklər.

Hədislərimiz də buyurur ki, hər bir mömin imanının səviyyəsinə görə şəfaət məqamına nail ola bilər. Ancaq hər bir halda mahmud məqamının bariz nümunəsi - məhz Həzrət Peyğəmbərdir (s).

Milli.Az