44 günlük Vətən müharibəsində jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər - Əhməd İsmayılov

22 İyul 2022 11:28

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə imza atması ölkəmizdə bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində böyük ruh yüksəkliyi yaratmışdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Şuşada Beynəlxalq Media Forumunun açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin və Birinci xanım Mehriban Əliyevanın ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətlərindən ruhlanan jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər. Vətən müharibəsindən az sonra Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur.

"Fərmandan irəli gələrək tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verir.

Cənab Prezident tərəfindən cari ilin fevralında imzalanmış və Azərbaycanda media islahatlarının "yol xəritəsi" kimi dəyərləndirilən "Media haqqında" Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətninin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır", - deyə o əlavə edib.

Milli.Az