Bu gün Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Saat 22:00 radələrində Aeroport şossesindəki Atəşgah körpüsü ilə hərəkət edən "Nssan" markalı maşın körpüdən aşıb.
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Atəşgah körpüsü ilə hərəkət H016-312 dövlət nömrə nişanlı maşın körpüdən aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Sürücünün üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından hazırda onun adı və soyadı məlum deyil. Ölən şəxsin cəsədi tibbi ekspertiza aparılması üçün Sabunçu rayon morquna aparılıb. Hazırda avtomobilin hansı şirkətə məxsus olması və sürücünün şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
Polis İdarəsindən verilən məlumatda o da bildirilib ki, Atəşgah körpüsünün hadisə baş verən hissəsi hazırda istifadə edilmir və avtomobillərin həmin əraziyə daxil olmasına icazə verilmir.
/ANS PRESS/