Avtobuslardakı problemlər nə zaman həll olunacaq? - VİDEO

21 İyul 2022 16:15

Hər səhər işə tələsəndə, ya da axşam evə qayıdanda yəqin ki, bəzi avtobuslarda yaşanan mənzərədən çoxlarının məlumatı var. Bəzən elə sıxlıq olur ki, qapıdan sallana-sallana gedənlər də olur. Problemlər bununla yekunlaşmır. Köhnə avtobuslarda kondisionerlər işləmədiyindən içəridə istidən dayanmaq olmur. İntervallardakı ləngimələri də bura əlavə etsək sərnişinlərin nə çəkdiyini təsəvvür etmək çətin deyil. Bu problemlərdən yaxasını qurtarmaq istəyənlər isə manatlıq taksilərə üstünlük verməyə çalışırlar. Ancaq bunun da öz problemi var.

Bu sərnişinlər günün pik saatlarında marşrut avtobuslarındakı basabasdan və kondisionerlərin işləməməsindən şikayətçidirlər. Onlar səhər işə, axşam isə evlərinə getmək üçün hər gün bu çətinliyi yaşamaq məcburiyyətindədirlər.

Bura metronun "Koroğlu" stansiyasının çıxışıdır. Ancaq paytaxtda belə yerlər az deyil. Sərnişinlər basabasdan və kondisionersizlikdən qaçmaq üçün 1 manatlıq marşrut taksilərinin xidmətlərindən istifadə etməyə məcbur qalırlar. Amma bu da onları maddi olaraq əlavə xərcə salır.

Bəzi sərnişinlər isə manatlıq taksilərin yol kənarında saxlamalarına imkan verilməməsindən narazıdırlar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, taksilərə qoyulan bu qadağa sürücü və sərnişinlərin təhlükəsizliyinin təmini məqsədi daşıyır.

Üstəlik, avtobuslararası intervalın uzun olması da vəziyyəti gərginləşdirir. Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, avtobusların hərəkət intervarlının 30-40 dəqiqəyə yaxın olması tıxacla əlaqədardır. Bu səbəbdən də avtobus zolaqlarına ehtiyac duyulur.

Bakı Nəqliyyat Agentliyi zolaqların sayını artırmaqla sərnişinlərin avtobuslarla səyahət müddətini iki dəfəyədək azaltmağı hədəfləyir.

Milli.Az