Toy mərasimi zamanı 21 qadın və uşaq boğularaq ölüb

21 İyul 2022 11:52

Pakistanda 21 nəfər - toyda iştirak edən eyni ailədən olan qadınlar və uşaqlar boğulub: onların qayığı Hind çayında aşıb.

Milli.Az The Times of India-ya istinadən bildirir ki, faciə Pencab əyalətində baş verib. Gəmi güclü axının olduğu yerdə batıb. Bəy də daxil olmaqla 65 nəfər sahilə çıxıb. Son məlumatlara görə, 21 nəfər suda boğulub, 29 nəfər itkin düşüb, onlar axtarılır.

Qayıqda olan insanlar eyni ailənin üzvləri idi. Yerli rəsmi Aslam Taslim bildirib ki, tapılan boğulanlar arasında yalnız qadın və uşaqlar var, çünki onların əksəriyyəti üzməyi bilmirdi.

Faciənin səbəbi hələ müəyyən edilməyib, lakin çox güman ki, qayığın həddindən artıq yüklənməsi səbəbindən baş verib.

Pakistanın baş naziri Şahbaz Şarif həlak olanların ailələrinə başsağlığı verib və hakimiyyət orqanlarına hələ də itkin düşənlərin xilas edilməsi və ya cəsədlərinin tapılması üçün səy göstərməyi tapşırıb.

İrfan Vəliyev
Milli.Az