Pələng motosikletçini parçaladı

20 İyul 2022 17:30

Pələng Hindistanın Uttarakhand əyalətindəki "Korbett" Vəhşi Təbiət Qoruğunun yanından motosikletlə keçən iki kişiyə hücum edib və onlardan birini meşəyə sürükləyib.

Milli.Az bildirir ki, bu barədə "India Times" məlumat yayıb.

25 yaşlı Afsarul və dostu Mohammad Anas motosikletlə Nainital şəhərindən kəndlərinə qayıdırdılar. Qəfil pələng yol kənarındakı kolluqlardan tullanaraq motosikletçiləri yerə yıxıb onlara hücum edib. Anas yırtıcı ilə mübarizə aparmağı bacarsa da, dostu pələng tərəfindən cəngəlliyə sürüklənib.

Anas polis bölməsinə qaçaraq hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verib. "Evə qayıdarkən pələng gözlənilmədən bizə hücum etdi. Müvazinəti itirdik və motosikletdən yıxıldıq. Pələng dostumu tutub cəngəlliyə sürüklədi", - hindli dedi.

Hadisə yerində polis çanta və qanlı mobil telefon tapıb. Əşyalar magistraldan 50 metr aralıda idi. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumun qurbanını axtarır.

Hadisədən sonra polis bu magistral yoldan keçən motosikletçiləri ayıq olmağa çağırıb, həmçinin bu ərazidə patrul xidməti gücləndirib. Meşə Təsərrüfatı Departamentindən üç qrup işçi hadisə yerindədir. Xilasedicilər traktorlarla cəngəllikdən keçən yolu təmizləyirlər.

İrfan Vəliyev
Milli.Az