Azərbaycanlı aktyor: "Mənim həyat yoldaşım..." - FOTOSESSİYA
5 Aprel 2012 01:30
Aktyor Eşqin Quliyevin Milli.Az-a müsahibəsi.
- Sənətə necə gəldiniz? Hər-hansı çətinliklə qarşılaşdınızmı?
- Məndə bu sahəyə anadangəlmə həvəs yaranmışdı. Onu da deyim ki, atamın da incəsənətə böyük həvəsi var idi, onun üçün atam da məni bu sənətə həvəsləndirirdi. Əlbəttə ki, çətinliklə bu sənətə gəlmişəm. Məni sonradan Cənnət Səlimovanın "Kamera" teatrına dəvət etdilər. Mən bu teatrda o vaxtı musiqi rejissoru işləyirdim. Maaşım da bu teatrda çox az idi, bəlkə də heç kim o maaşa teatrda işləməzdi. Amma mənim teatra o qədər marağım var idi ki, bütün bunları vecimə almırdım. Musiqi rejissoru olsam da içimdə aktyorluq var idi.
Cənnət xanım həmişə mənə deyirdi ki, sən tamaşaya musiqi verərkən artıq səhnədə özünü göstərirdin, aktyorlarla bir yerdə oynayırdın. Biz "Kamera" teatrı olaraq Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ildə 2-3 qastrol səfərində olurduq. Teatrsız yaşaya bilmərəm, belə demək mümkündürsə, teatr mənim birinci evimdir, bəlkə də mən evimizə o qədər də getməmişəm, vaxtımı teatrda keçirmişəm.
- Teatrda ilk rolunuzu xatırlayırsınız?
- İlk rolum "Ulu qurbağa balası" tamaşasında "uzunqulaq" olub. "Kamera" teatrında aktyor kimi imkanlarımı tam göstərə bilmədim. Çünki burada səs rejissoru vəzifəsində idim. Aktyor kimi yetişməyimdə Cənnət Səlimova və Nicat Kazımovun çox böyük rolu olub. Gənc Tamaşaçılar teatrında ilk dəfə əsas rolu mənə "Yatmış gözəl" tamaşasında Nicat Kazımov verib. Müdriklərdən biri deyib ki, "Xöşbəxtliyi tutmaq üçün qaçmağı bacarmaq lazımdır" (gülür).
- Bu xoşbəxtliyi teatrda tapdınızmı? Teatrda işləməkdən peşmançılıq çəkmirsiniz ki?
- Həyatda da çox xöşbəxtəm, teatrda da. Bir şeyi etiraf edim ki, teatrsız yaşaya bilmərəm. Teatr mənim üçün çox müqəddəsdir. Teatrda işləmək mənim üçün fəxrdir, mənə elə gəlir ki, bu, bütün aktyorlar üçün belə olmalıdır. Rus teatr məktəbinin dili ilə desək, aktyor sənəti diaqnozdur.
- "Kamera" teatrı Gənc Tamaşaçılar Teatrına birləşəndən sonra bu teatrda hansı tamaşalarda rol aldınız? Bu oynadığınız rollar içərisində həyatınızda xüsusi yeri olan rol varmı?
- Teatrlar birləşən zaman bir sıra uşaq tamaşalarında rol aldım. Çox sağ olsun Nicat Kazımovu, mənə ümid bəsləyib "Yatmış gözəl" tamaşasında baş rol olan "Füsünkar şahzadə" rolunu mənə verdi. Bu tamaşa plastik meylli idi, qeyri-adi tryuklar var idi, mən bu tamaşada hətta çiynimi də sındırdım. Nicat Kazımovdan bu tamaşanın məşqi zamanı çox şey oyrəndim. Çiynim sınan zaman teatrımızı Belarusiyada keçiriləcək beynəlxalq teatr festivalına dəvət etmişdilər. O zaman biz festivala Şövqi Hüseynovun ifasında olan P. Zyuskindinin "Kontrabas" əsəri ilə qatılmalı idik. Bu tamaşanın səs rejissoru və işıq rəssamı mən idim. Festivala az vaxt qaldığından əməliyyat oluna bilmədim. Teatrımızı layiqincə təmsil edib gələndən sonra əməliyyat olundum. Sonra "Mənim ağ göyərçinim" tamaşasında Bəhruz rolunu oynadım. Bu obraz bəlkə də mənim həyatımda ayrı bir iz saldı. Tamaşanın sonunda 4 dostlardan biri Bəhruz ölür.
- Bu rolu özünüzə çox yaxın bilməyinizdə səbəb nədir?
- Dramatik rolları çox sevirəm. Bu tamaşa ilə paralel Cənnət Səlimova "Mən səni sevirəm" tamaşasını işləməyə başladı. Bu tamaşada Orxan obrazını oynayırdım. Bu rolda da mən özümü tapdım. "Göyçək Fatma" tamaşasında Şahzadəni oynadım. Sonra mən "İtlər" tamaşasında epizodik rol olan Sərxoşu oynayırdım. Peppino De Filipponun "Don Rafael trombonçu" əsərinin tamaşasında Luicci obrazı ilə festivalda çıxış etmişəm. Bir çox diplom tamaşalarında da rol almışam. Son oynadığım tamaşadakı rolum "Buzovna kəndinin əhvalatları"nda Ağagül obrazı oldu. Hal-hazırda "Hacı Qara" tamaşasında Bədəl obrazını məşq edirik. Qeyd edim ki, tamaşanın rejissoru Bəhram Osmanovdur. Bir çox filmlərə də çəkilmişəm, amma onları demək istəmirəm. Mənim üçün əsas teatrdır. Amma bu, o demək deyil ki, filmə çəkilmərəm, əgər xoşuma gələn ssenari olsa, çəkilərəm.
- Sizin üçün rolun böyüyü-kiçiyi var?
- Xeyr. Əgər filmdə rola dəvət etsələr, bu, mənim teatrda məşqim ilə üst- üstə düşsə və yaxud tamaşada dublyorum olmağına baxmayaraq bilsəm ki, teatrda siçanı oynayacağam, o zaman filmə getmərəm, teatrda öz rolumu oynayaram. Teatrı heç vaxt kinoya dəyişmərəm.
- Şəxsi həyatınızdan danışa bilərsinizmi? Bildiyimə görə, həyat yoldaşınız əməkdar artist Gülər Nəbiyeva da bu teatrda çalışır.
- O, "Kamera" teatrında məndən neçə il əvvəllər çalışmışdı. Mən "Kamera" teatrına gələndə, necə deyərlər, ona vuruldum (gülür). 2008-ci ildə biz ailə həyatı qurduq. Mənim üçün fəxrdir ki, həyat yoldaşım da bu sənətdədir. Biz evdə tamaşalar haqqında mübahisələr də edirik (gülür). Bir-birimizi başa düşə bilirik.
- Səhnədəki tərəf müqabilləriniz necə, ürəyinizcə olub?
- Tərəf müqabillərim biri-birindən gözəldir. "Yatmış gözəl" tamaşasında Asya Atakişiyeva ilə tərəf müqabili olmuşam. Asya mənim ilk tərəf müqabilim olub. Bundan sonra "Mən səni sevirəm" tamaşasında Günel Məmmədova ilə tərəf müqabili olmuşam. "Buzovna kəndinin əhvalatları" tamaşasında isə Şəbnəm Hüseynova, Zülfiyyə Əlhüseynova ilə oynamışam. "Mənim ağ göyərçinim" tamaşasında da Nigar Bahadurqızı ilə baş rolları paylaşırdıq. Onu deyə bilərəm ki, bütün tərəf müqabillərim mənə doğmadır.
- Həyat yoldaşınızla necə, tərəf müqabili olmusunuz?
- Tərəf müqabili yox, amma bir tamaşada oynamışıq (gülür).
- Hansısa bir obraz varmı ki, onu oynamaq istədiyiniz zamanı gözləyirsiniz?
- Mənim istədiyim bir obraz olub ki, onu oynayım, amma nədənsə, bu rolu oynamaq mənə qismət olmayıb. Ad çəkmək istəmirəm ki, hansı roldur. Bu, qoy elə mənim ürəyimdə qalsın. Bu tamaşa artıq oynanılıb. Bu obraz, belə demək mümkündürsə, mənə daha yaxın idi. Nə vaxtsa, həmin obrazı tamaşada oynamaq istərdim. Bu rolu da oynasam, arzuma çatmış olaram.
- Mütaliə etməyə vaxtınız olurmu?
- Hər gün kitab oxuyuram. Demək olar ki, aktyor yoldaşlarıma kitabların çoxusunu mən verirəm. Rus klassiklərindən, Azərbaycan klassiklərindən bir çox drammaturqlar var ki, onların əsərlərini oxumamış aktyorluq sənəti ilə ciddi məşğul olmaq olmaz. Bulqakovun "Morfi" əsərini oxuyub tərcümə etdirmişəm, mən bu əsəri gələcəyinə monotamaşa kimi oynamaq istəyirəm. Hələ də öyrənirəm. Ömrümün axırına qədər də öyrənəcəyəm.
Əli Novruzəliyev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

























