Hansı karantin qaydaları yenidən tətbiq edilə bilər? - Yaxın günlərdə...

15 İyul 2022 13:37

"Hazırda respublikamızda stabil epidemioloji vəziyyət müşahidə olunur".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Könül İsmayılova deyib.

O bildirib ki, "Mövcud durum tamamilə nəzarət altındadır. Lakin bir sıra ölkələrdə yenidən epidemik alovlanmalar qeydə alınır. Omikron ştammının subvariantları ilə yoluxma halları dünya statistikasında üstünlük təşkil edir. 

Hazırki durumda sadə gigiyenik tədbirlərə əməl etməyimizin sağlamlığımızın qorunmasında önəm daşıdığını unutmamalıyıq. Gələcək aylarda, epidemik göstəricilərin pisləşəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən lazımi qərarların qəbul olunması məsələsi gündəmə gələ bilər.

Dünyada son iki həftə ərzində COVİD-19 ilə xəstələnmə halları ÜST məlumatına görə 30 % artıb. Bu artım əsasən, Omikron ştammının subvariantları ( B A.4 və B.A  5) ilə əlaqədardır.  

Digər bir variant BA.2.75 ilə bağlı isə müşahidələr aparılmaqdadır. Hazırda Avropa və Amerikada yuxarıda qeyd olunan bu ştammlar üstünlük təşkil edir. 

Bu ştammlar qeyd edim ki, ilk dəfə keçən il Cənubi Afrikada qeydə alınmışdı. Lakin klinik gedişatına görə klinik olaraq digər ştammlarla müqayisədə yüngül gedişata malikdirlər".

Təhməz Əsədov
Milli.Az