Rusiya niyə sərhədimizdə hərbi baza tikir?

7 İyul 2022 07:57

Ermənistan ərazisində nə varsa, ermənilərdən daha çox, Rusiyaya məxsusdur. Rusiyanın Tovuzun bir kilometrliyində yeni hərbi baza tikməsi sözsüz ki, xoş niyyətdən irəli gəlmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın Ermənistanın Tovuzla üzbəüz yerləşən Ayqepar kəndi yaxınlığındakı keçmiş aerodromun ərazisində hərbi baza tikməsini şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnikin sözlərinə görə, Azərbaycan davamlı şəkildə Rusiyaya öz etiraz və narahatlığını çatdırmalıdır:

"Rusiya 2049-cu ilədək Ermənistanın ərazisində nə istəsə, edə və tikə bilər. Biz Rusiyanın Birinci və İkinci Qarabağ müharibələrində İrəvana hər cür maddi-mənəvi dəstək verdiyini unutmamalıyıq. Növbəti dəfə əgər yenə müharibə baş versə, Moskvanın bu dəstəyi davam edəcək. Berddə hərbi bazanın tikilməsi isə ondan xəbər verir ki, Rusiya 2049-cu ildən sonra da Cənubi Qafqazda qalmaq istəyir. Ümumiyyətlə isə Rusiyanın bölgə ilə bağlı uzağa gedən planları var. Lakin bu onların arzusudur, reallıq isə başqadır. Rusiyanın neft və qaz gəlirləri ilə hələlik ayaqüstə olması vəziyyətin eyni templə uzun müddət davam edəcəyi mənasına gəlmir. İndi rus sülhməramlıları Şuşanın kəndlərində erməni uşaqlarına hədiyyələr paylayır, yaxud Xankəndidə hansısa bir fəaliyyətlə məşğul olurlar. Amma bütün bunlar müvəqqəti xarakter daşıyır. Sülhməramlılar ölkəmizə gələndə öz məqsəd və niyyətlərini gizlətmişdilər. Ancaq Rusiyanın Ermənistan ordusunun yenidən dirçəldilməsi fəaliyyətləri, Qarabağda separatizmin dəstəklənməsi və s. hamısı milli təhlükəsizlik maraqlarımıza ziddir. Ona görə də müəyyən məsələlərdə daha cəld tərpənməli, ayıq-sayıq olmalıyıq. Müharibədən artıq iki ilə yaxın bir müddət keçib. Azərbaycan humanistlik göstərərək Ermənistanın, erməni xalqının yeni reallığı, müharibənin gerçəklərini başa düşəcəyini gözləyir. İrəvan isə sülhün əleyhinə addımlar atır, təxribatlar törədir, ölkəmizə qarşı iddialar səsləndirir. Bütün sadaladığımız məsələlər fonunda yenə vurğulamaq istəyirəm ki, rusların sözügedən ərazidə hərbi baza tikməsi xoş məramdan, niyyətdən xəbər vermir. Azərbaycan mütəmadi olaraq hər fürsətdən yararlanaraq Rusiyaya etirazını bildirməlidir. Belə məsələlərdə daha prinsipial olmalıyıq".

Milli.Az