Qəzzafi ailəsinin "Yuventus"dakı payı necə oldu?
30 Mart 2012 11:06
İtaliya polisi Liviyanın sabiq diktatoru Müəmmar Qəzzafinin 1,1 milyard dollar məbləğində aktivlərini müsadirə edib.
Qol.Az-ın "The Independent"ə istinadən məlumatına görə, əmlakın böyük hissəsi səhmlər, o cümlədən, "Unicredit" bankında, "Eni" energetika şirkətində və "Yuventus" klubundakı paydır.
Hökumətdən bu addımın Haaqa Beynəlxalq Məhkəməsinin sorğusu əsasında atıldığına dair izahat verilib. Romanın maliyyə polisi bildirib ki, müsadirə olunanlar İtaliya paytaxtında dəbdəbəli mənzil, Siciliya adasında torpaq sahəsi və 1-i "Harley Davidson" olmaqla 2 motosikldir. Bu aktivlərin bir hissəsi hələ ötən il dondurulub. Həmin vaxt Qəzzafi rejiminə qarşı beynəlxalq sanksiya tətbiq olunub.
Qeyd edək ki, İtaliya Müəmmar Qəzzafinin Avropadakı əsas tərəfdaşlarından biri olub. Sabiq diktator bu ölkəyə bir neçə dəfə baş çəkib. Liviyanın investisiya fondları isə İtaliya iqtisadiyyatına nəzərəçarpacaq sərmayə qoyublar. Sabiq diktatorun övladlarından biri - Əl-Səədi Qəzzafi futbolla maraqlanıb, böyük ümidlər vəd edən oyunçu olub və bir müddət İtaliya komandalarının, o cümlədən, "Yuventus"un üzvü sayılıb. Bu klubun səhm paketlərindən 5 faizinə sahib olması Əl-Səədiyə "Yuventus"un direktorlar şurasının tərkibində işləmək imkanı verirdi.
Milli.Az