Özbəkistanda "Qaraqalpaq kartı" niyə indi işə salınır?

5 İyul 2022 21:00

Qaraqalpaq Muxtar Respublikasında baş verənlərin səbəbi konstitusiyaya edilən dəyişikliklər olsa da, önə çıxan müəyyən suallar məsələyə fərqli kontekstdə baxmağı zəruri edir:

- Özbəkistan bu dəyişikliyə niyə indi gedir?
- Etirazlarda kənar qüvvələrin rolu varmı?

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Konstitusiyanın 70-ci maddəsinə edilən təklifdə "suveren Qaraqalpaq Respublikası Özbəkistan Respublikasının tərkibindədir, Qaraqalpaq Respublikasının suverenliyi Özbəkistan tərəfindən qorunur" qeydindən "suveren" sözü çıxarılır, o cümlədən, 74-cü maddəsində "Qaraqalpaq Respublikasının Özbəkistan Respublikasından referendum əsasında ayrılmaq hüququ var" sözləri dəyişdirilir, respublikanın qanunverici, icra və məhkəmə hakimiyyətinin səlahiyyətləri Özbəkistan qanunvericiliyinə uyğunlaşdırılır.

Rəsmi Daşkənd bu addımı mümkün risklərə qarşı atır: 1924-cü ildə yaradılan Qaraqalpaq Muxtar Respublikası 1930-cu ilə qədər Qazaxıstanın, daha sonra Rusiyanın, ondan sonra Özbəkistanın tərkibinə daxil olub. 1991-ci ildə Moskvanın dəstəyi ilə müstəqilliyini elan edib, 1993-cü ildə Özbəkistanın tərkibinə qatılmaq haqda müqavilə imzalayıb. Bu müqavilənin müddəti 20 illik idi. 2013-cü ildə - müqavilənin müddəti bitəndə müstəqillik haqda danışanlar olsa da, İslam Kərimov inzibati müdaxilə ilə bu məsələni bağladı. Mirziyoyevə Kərimovdan qalan miraslardan biri də Qaraqalpaqın statusunun həll edilməsi məsələdir. Kərimovun dövründə "müstəqillik" haqda danışmayan Qaraqalpaq fəalları Mirziyoyevin zamanında, xüsusilə 2019-cu ildən bunu dilə gətirirlər. "Alqa Qaraqalpaqıstan" partiyası "Qaraqalpaq respublikasının mühacirət hökuməti"ni elan edib, əsas fəaliyyətləri Moskvada, müəyyən fəaliyyətlər Almatıda həyata keçirilir.

2019-cu il Özbəkistanın Türkiyə ilə yaxınlaşma siyasətini daha açıq müstəvidə keçirdiyi tarixdir. Kərimovdan fərqli olaraq Mirziyoyev Türk Şurasına üzvlük yolunu tutdu, 2019-cu ildə türk ittifaqının qurulması istiqamətində mühüm görüşlərdən olan Bakı zirvəsində də iştirakçılar arasında idi və nəhayət Özbəkistan da Türk Dövlətləri Təşkilatına üzv oldu. Mirziyoyevun xarici siyasətini Kərimovdan fərqləndirən amil də daha açıq olmasıdır: Rusiya, Qərb və Çinlə bərabər səviyyədə əlaqələr qurur, iqtisadi bağları Pekinlə gücləndirməklə yanaşı, Ankara üzərindən Qərbə körpülər salır. Və Moskvanın KTMT-yə üzv olmaq təklifini iki dəfə geri çevirib.

Daşkənd Moskva ilə birbaşa əlaqələrə üstünlük versə də, bu, Rusiyanı qane etmir və bu ilin əvvəlində Qazaxıstanda yaşananlardan sonra Putin Lukaşenkonun dili ilə Özbəkistana xəbərdarlıq mesajı vermişdi.

"Özbəkistan dərs çıxarmalıdır, məlumatımıza görə onların (terrorçuların) baxışları ora yönəlib", - Lukeşanko deyirdi.

Özbəkistana qarşı daxildə iki təxribat xətti mümkündür:

Birincisi, Özbəkistan İslam Hərəkatı;
İkincisi, Qaraqalpaq Respublikası;

İslam Hərəkatı Kərimovun dövründə ciddi şəkildə neytrallaşdırılıb və hazırda daha zəif kartdır. Qaraqalpaq daha riskli kartdır və istisna deyil ki, Mirziyoyev məhz bu kartı neytrallaşdırmaq məqsədilə konstitusiyada qaraqalpaqların "suverenliyi və Özbəkistandan ayrılma hüququna" dəyişiklik etmək istəyib: 2019-cu ildən sonra gündəmə gətirilən "müstəqillik" iddiaları və növbəti hədəfin Özbəkistan olması gözləntiləri bunu zərurətə çevirir;

Nukusda baş verənlər, etirazçıların dövlət binalarını ələ keçirmək cəhdi, onlarla insanın ölümü, yüzlərlə insanın yaralannması ilə nəticələnən hadisələr Özbəkistana qarşı "qaraqalpaq kartını" saxlamaq məqsədi daşıyır. Hələki buna nail oldular, çünki konstitusiyada qaraqalpaqlarla bağlı dəyişikliklər təxirə salındı. Lakin bu prosesin başlanğıcı hesab edilə bilər: Daşkənd bu təhlükəni aradan qaldırmaq, bu təhlükədən Özbəkistana qarşı istifadə edənlər saxlamaq uğrunda döyüşəcək.

Milli.Az