ABŞ-da paradda insanlara atəş açan şəxs saxlanılıb

5 İyul 2022 08:08

ABŞ-ın Heylend-Park şəhərində (İllinoys ştatı) Müstəqillik Günü münasibətilə keçirilən paradda insanlara atəş açan şəxs saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu şəhərin polis idarəsinin rəisi Lu Coqmen mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, patrul xidmətinin əməkdaşları Çikaqo yaxınlığında daha əvvəl silahlının qaçdığı avtomobilin təsvirinə uyğun gələn bir avtomobil görüblər. "Qısa təqib" nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları nəqliyyat vasitəsini saxlamağa müvəffəq olublar. Şübhəli bilinən şəxs - 22 yaşlı Robert Krimo polislər tərəfindən saxlanılıb. O, dindirilmək üçün Haylend-Parkın polis idarəsinə aparılacaq.

Xatırladaq ki, ötən gün ABŞ-ın Haylend-Park şəhərində (İllinoys ştatı) Müstəqillik Günü münasibətilə keçirilən paradda silahlı şəxs insanlara atəş odlu silahdan açıb. İnsident nəticəsində 6 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.

Milli.Az