Ukrayna bu halda danışıqlar masasına əyləşəcək

2 İyul 2022 08:04

"Ukrayna hazırda Rusiya ilə sülh danışıqlarına razı olmayacaq. Danışıqlar yalnız Rusiyanın taktiki məğlubiyyətindən sonra mümkündür".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak "Azadlıq" radiosunun efirində bildirib.

Podolyak qeyd edib ki, Rusiya müxtəlif kanallarla - öz siyasətçiləri, başqa ölkələrin siyasətçiləri, rusiyayönlü lobbisi vasitəsilə Ukrayna ilə danışıqlara başlamaq üçün çağırışlar yayır.

Eyni zamanda, "Rusiya Ukrayna ərazilərini zəbt edir, insanları qətlə yetirir, şəhərləri viran qoyur":

"Bu zaman hansısa ağıllı biri çıxıb bütün ciddiliyi ilə deyir: "Sülh yolu ilə tənzimlənmə lazımdır". Biz Rusiyaya hücum etdikmi? Sülh yolu ilə nizamlanma nə deməkdir?".

O əlavə edib ki, müharibə müharibə qaydaları ilə gedəcək. Ukrayna Rusiyaya ciddi taktiki məğlubiyyətlər verdirməli olacaq. Bundan sonra Ukraynanın şərtləri ilə danışıqlar prosesinə start verilə bilər.

Milli.Az