Rusiyadan gözlənilməz "artsax" qərarı: Kreml rəsmi Bakının tələbini reallaşdırır

2 İyul 2022 19:00

Rusiyanın mövcud münasibətləri qorumaq və rəsmi Bakını məmnun etmək üçün Azərbaycanın prinsipial istəyini yerinə yetirməyə razılaşması Ermənistan cəmiyyətinə ciddi mesaj rolunu oynamalıdır... Üstəlik, Azərbaycanın NATO üzvü olan müttəfiqi Türkiyənin həm dünyada, həm də Cənubi Qafqazda mövqelərini gücləndirməsi isə ermənilərə gələcəyi təxmini də olsa, təsəvvür etmək imkanı verə bilər...

Ermənistan ölkədaxili siyasi-ictimai böhrandan xilas ola bilmir. Paşinyan hakimiyyəti və revanşist müxalifət arasında siyasi-ideoloji savaş öz intensivliyini qoruyub, saxlamaqdadır. Üstünlük son vaxtlar bu savaşın daha amansız və həlledici mərhələyə keçdiyi də müşahidə olunur.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ermənistanın gələcək taleyi məhz bu savaşın yekun nəticələrindən asılı ola bilər. Çünki bu iki qüvvənin eyni vaxtda Ermənistanda mövcudluğu artıq erməni dövlətçiliyinin gələcək perspektivlərini belə, təhdid etməyə başlayıb. Və bu baxımdan, onlardan birisinin siyasi səhnədən yox olması artıq qaçılmaz görünür.

Revanşist erməni müxalifəti Ermənistanın gələcək taleyini öz siyasi maraqlarına qurban verməyə hazırdır. Ona görə də, Paşinyan hakimiyyətinə Ermənistanın sülh şəraitində sərhəd qonşuları ilə əlaqələr qurub, inkişaf etdirilməsində ciddi əngəllər törədir. Baş nazir Nikol Paşinyanın "Azərbaycan yeni müharibəyə hazırlaşır. Və hazırda yeni savaşın legitimləşdirilməsi ilə məşğuldur" açıqlamasından sonra ölkədaxili siyasi-ictimai qarşıdurma daha da dərinləşib.

Köçəryan-Sarkisyan cütlüyünün liderlik etdiyi Qarabağ klanının avanqard rolunu oynadığı revanşist erməni müxalifəti Paşinyan hakimiyyətinə qarşı yeni ittihamlar irəli sürür. Bu düşərgə Paşinyan hakimiyyətini xəyanətdə suçlamaqla yanaşı, rəsmi İrəvanın "sülh erası" ilə bağlı siyasi gündəminin iflasa uğradığını iddia edir. Və baş nazir Nikol Paşinyanın artıq təslimçilik mövqeyinə keçmək məcburiyyətində qaldığını vurğulayır.

Revanşist erməni müxalifətinin yaydığı bəyanata görə, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətini Azərbaycanın maraqlarını qəbul etməyə hazırlayır: "Baş nazirin yeni savaşdan danışmasından belə nəticə çıxarmaq olar ki, Nikol Paşinyan hazırda Ermənistan cəmiyyətini müharibə təhlükəsi ilə şantaj etmək qərarına gəlib. Bununla da, Ermənistan cəmiyyətini Azərbaycan qarşısında təslimçiliyə məcbur buraxmağa çalışır. Ancaq Nikol Paşinyan anlamır ki, Azərbaycan qarşısında təslimçilik rəsmi Bakını daha da həvəsləndirə bilər. Bu isə hansısa mərhələdə Ermənistanın yeni müharibə və itkilər ilə üzləşməsi deməkdir".

Maraqlıdır ki, revanşist müxalifəti son vaxtlar Paşinyan hakimiyyətinə qarşı mübarizədə Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçulardan istifadə etməyə çalışır. Onlar artıq "artsax"da Paşinyan hakimiyyətinə qarşı müqavimət hərəkatı yaratdıqlarını qətiyyən gizlətmirlər. Rəsmi İrəvanın sülh prosesi üzrə atdığı bütün addımlara erməni separatçıların əks reaksiya verməsinə də nail ola bilirlər.

Ermənistanın "Hraparak" nəşri Xankəndi və ətraf bölgədəki separatçıların Rusiyada olan "nümayəndəliyi"nin ləğv ediləcəyi barədə məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, erməni separatçıların 1990-cı ildən fəaliyyət göstərən "nümayəndəliyi" məhz Rusiya hökumətinin qərarı ilə qapadılacaq. Və onun funksiyaları Ermənistan səfirliyinin əməkdaşlarından birinə həvalə olunacaq.

Təbii ki, Kremlin bu addımı rəsmi Bakının istəyi ilə atdığı qətiyyən istisna deyil. Xüsusilə də, bu məlumatın Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya son səfərindən sonraya təsadüf etməsi də belə düşünməyə tamamilə əsas verir. Böyük ehtimalla Kreml Ermənistanı çox da narazı salmamaq üçün "nümayəndəliyin funksiyaları"nın Ermənistan səfirliyinə ötürülməsini məqsədəuyğun hesab edib. Halbuki, indiki situasiyada əsas məsələ həmin "nümayəndəliyin" mövcud olmamasıdır. Və yaxın gələcəkdə Ermənistan səfirliyi də formal xarakter daşıyan həmin "funksiyalar"dan imtina etməli olacaq.

Qarabağ klanı isə bu məsələdən Paşinyan hakimiyyətinə qarşı istifadə etmək şansını əldən buraxmayıb. Revanşist erməni müxalifəti iddia edir ki, rəsmi İrəvan "artsax"ın Azərbaycana təhvil verilməsi prosesinə artıq start verib. Və Paşinyan hakimiyyətinin Rusiyadakı "artsax" nümayəndələrinin ləğvinə qərar verməsi də bu prosesin tərkib hissəsidir.

Qarabağ klanı bu məsələyə Xankəndi və ətraf bölgədəki erməni separatçıların etirazlarına da nail olub. Erməni separatçılar Ermənistan rəhbərliyini "artsax" ideyalarına xəyanət etməkdə suçlayırlar. Paşinyan hakimiyyətinin "nümayəndəliyi" ləğv etmək səlahiyyətinin olmadığını vurğulayırlar.

Erməni separatçıların rəhbəri Araik Arutyunyan isə rəsmi İrəvanın "artsax"ı Azərbaycana təhvil vermək cəhdlərinə müqavimət göstərəcəklərini bildirib. Onun dediyinə görə, "artsax" üçün Azərbaycanın tərkibində hər hansı status qəbuledilməzdir. Ancaq A.Arutyunyan deyəsən, unudub ki, rəsmi Bakı Azərbaycan ərazisində heç kimə hər hansı "status" vermək niyyətində olmadığını artıq çoxdan, həm də birmənalı şəkildə bəyan edib. Ona görə də, "artsax"ın Azərbaycanın tərkibində həqiqətən də heç bir statusu olmayacaq. Və bu məsələdə hər hansı erməni separatçının mövqeyi, yaxud fikri də qətiyyən əhəmiyyət daşımır.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti də Qarabağ klanına qarşı sərt addımlar atmağa başlayıb. Rəsmi İrəvan bütün mümkün vasitələrlə revanşist müxalifətin pozucu fəaliyyətindən və siyasi təhdidlərindən xilas olmağa can atır. Hətta Ermənistan parlamentində revanşist deputatların mandatlarının ləğvi istiqamətində qərarların qəbuluna hazırlıq başladığı da bildirilir. Və bu baxımdan, Ermənistanda hakimiyyət və revanşist müxalifət arasında həlledici mərhələyə qədəm qoymuş siyasi-ideoloji savaşın hələ bir müddət də davam edə biləcəyi istisna deyil.

Ancaq problem ondadır ki, Ermənistanda intensivləşən ölkədaxili siyasi qarşıdurma Cənubi Qafqazda sülh prosesini ciddi şəkildə əngəlləyir. Ən azından revanşistlərin bu prosesi ləngidə bildikləri inkaredilməz reallıqdır. Çünki, revanşistlərin siyasi hakimiyyətə təzyiqləri və Ermənistan cəmiyyəti üzərində təsirləri qaldıqca Paşinyan hakimiyyəti sülh prosesinin aktivləşdirilməsi istiqamətində addımlar atmaqda çətinlik çəkir.

Halbuki, belə bir vəziyyətin nə qədər təhlükəli olduğunu Ermənistanda anlayanlar və açıq şəkildə dilə gətirənlər də kifayət qədərdir. Ermənistan parlamentinin deputatı Arsen Torosyan ölkəsinin təhlükəli və zərərli stereotiplərin girovuna çevrildiyini bildirib: "Bir millət, bir xalq və dövlət olaraq, beynimizə yerdilirdi ki, qonşularımızla sülh şəraitində yaşaya bilmərik. Buna heç haqqımız da yoxdur. Müxtəlif dövlətlərin təsirində olan ölkədaxili qüvvələr həmişə deyirdilər ki, biz qonşularımızla probleminizi tək həll edə bilmərik".

Erməni deputat hesab edir ki, Ermənistan cəmiyyəti dinc şəraitdə inkişaf etmək istəyirsə, mövcud stereotiplərdən mümkün qədər tez xilas olmalıdır: "Bu stereotipləri kollektiv şəkildə qıra bilsək, masa arxasında oturub, kompromis həll yolları da tapa bilərik. Əgər, uğursuzluğa düçar olsaq və iki qonşumuzla, xüsusilə də, Azərbaycanla hər hansı birgə yaşayış normaları üzərində razılaşmağın mümkünsüzlüyünü əbədi olaraq, söyləməyə davam etsək, onda həmişə bizə yeni fəlakətlər gətirəcək bu boşluqda əbədi qalacağıq".

Göründüyü kimi, Ermənistan cəmiyyətində bir-birinə zidd iki siyasi-ideoloji xətt arasında amansız savaş davam edir. Erməni toplumu hər iki tərəfdən ziddiyyətli çağırışlar alır. Bir tərəf ölkəni qonşularla əbədi düşmənçiliyə çağırır, digər tərəf isə sülh şəraitində yaşamaq və inkişaf etmək üçün anlamağın vacibliyini vurğulayır. Və ona görə də, Ermənistanın müharibə ilə sülh arasındakı seçimi, hazırda həlledici savaş içərisində olan bu iki siyasi-ideoloji xətdən hansının qalib gəlməsindən asılıdır.

Rusiya faktorunu da nəzərə aldıqda, Ermənistan üçün mümkün qədər tez-tələsik seçim etmək zərurəti də yaranmış kimi görünür. Çünki, Rusiya Ukrayna savaşı və sanksiyalar ucbatından ciddi şəkildə zəifləyir. Kremlin Cənubi Qafqazdakı hegemon mövqeyi də son vaxtlar artıq ciddi mübahisə mövzusudur. Rusiyanın nə qədər gözlənilməz olsa da, rəsmi Bakını məmnun etmək üçün məhz "artsax"ın "nümayəndəliyi"ni ləğv etməyə razılaşması da Ermənistan cəmiyyətinə ciddi mesaj rolunu oynamalıdır. Üstəlik, Azərbaycanın NATO üzvü olan müttəfiqi Türkiyənin həm dünyada, həm də Cənubi Qafqazda mövqelərinin güclənməsi ermənilərə gələcəyi təxmini də olsa, təsəvvür etmək imkanı verə bilər.

Milli.Az