Solovyov növbəti dəfə üzrxahlıq elədi: “Öz adımdan Azərbaycandan üzr istəyirəm” - VİDEO

30 İyun 2022 11:10

Rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycandan üzr istəyib.

Milli.Az xəbər verir ki, o, üzrxahlığını "Rossiya 1" telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çatdırıb.

Tanınmış rusiyalı jurnalist deyib ki, digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin başlıca prioritetlərindəndir: "Şəxsən mən bu prioritetlə tam razıyam. Dünən mənim səhər efirimdə elə bir hadisə baş verdi ki, bu, Bakıda qəbuledilməz kimi qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, ona görə ki, bu, mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlarda səhvlər baş verir".

Qeyd edək ki, iyunun 28-də V.Solovyov Rusiyanın dövlət radiosu "Vesti FM"də apardığı "Polnıy kontakt" verilişində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisindəki separatçı rejimin tör-töküntüsünün nümayəndəsi David Babayanı "Artsaxın xarici işlər naziri" kimi qonaq qismində təqdim edərək Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib.

Milli.Az