Pakistan ilə hərbi əməkdaşlığının inkişafı müzakirə olundu

29 İyun 2022 19:10

19:10

İyunun 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqları salamlayan general-leytenant R.Tahirov ölkələrimizin digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya sahəsində əməkdaşlığının da inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Marşal Z.Sidhu da öz növbəsində bildirib ki, Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsil almaları, eyni zamanda ölkəsinin HHQ-nin helikopter heyətlərinin Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçmələri iki dövlət arasında hərbi aviasiya sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsidir.
Görüşdə Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

-------

17:34

İyunun 29-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq ölkələrimiz arasında ənənəvi mehriban dostluq və qardaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib. Baş Qərargah rəisi Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini bildirib.

Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Pakistan HHQ komandanı isə öz növbəsində ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə, həmçinin birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Milli.Az