Zəngəzur dəhlizindəki yolla bağlı razılaşma əldə olunub? - Moskvanın qəfil bəyanatı

29 İyun 2022 13:16

"Zəngəzur dəhlizindəki avtombil yolu ilə bağlı anlaşmaq üçün Rusiya Ermənistanla Azərbaycana yardım etdi. İndi sadəcə, yolun 6 kilometrlik hissəsi ilə bağlı razılaşmaya zərurət qalıb".

Milli.Az bildirir ki, "İzvestiya" Rusiya Federasiyasının hakimiyyətindəki yüksək mənsəbli mənbəyə istinadən belə məlumat yayıb.

"Naxçıvana dəmiryol dəhlizi ilə bağlı Azərbaycanla Ermənistan çoxdan, hələ ötən ilin payızında razılaşma əldə ediblər. Avtomobil yolu ilə bağlı isə İrəvanda çox uzun fasilə götürdülər. Lakin baş nazirlərin müavinlərinin iyunun 3-dəki son görüşündə hələlik inşa olunmamış 6 kilometrlik hissə istisna olmaqla gələcək avtomobil trasının marşrutunu razılaşdıra bildilər. Orada dağlardır və Rusiyanın "Avtodor" şirkəti sadə, effektiv mühəndis çözümü tapmaq üçün ora ekspertlər yollayacaq", - mənbə bildirib.

"İzvestiya"nın məlumatına görə, mənbə avtomobil yolunun Araz çayı boyunca, Ermənistandan keçəcəyini deyib. Marşrutun qalan hissəsində isə hələ sovetlər dönəmində inşa edilmiş, 1992-ci ilədək Naxçıvanı erməni ərazilərindən keçmək şərtilə Zəngilan rayonunu birləşdirən köhnə yollar işə salınacaq: "Bu yollar faktiki olaraq gələcək dəhliz xətti boyunca var. Sadəcə, Naxçıvanla Ermənistan arasındakı sərhəddəki hissədə inşaat aparılmalıdır".

Mənbənin sözlərinə görə, Bakı bu ilin martında Tehranla memorandum imzalayaraq Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisi ilə Naxçıvana yol çəkiləcəyini bəyan edəndən sonra Ermənistan tərəfi danışıqlar prosesini sürətləndirib.

"Bu variantın Ermənistan ərazisindən keçəcək avtomobil yolundan baha başa gəcə biləcəyinə rəğmən, Nikol Paşinyanın prosesi bundan sonra da uzadacağı təqdirdə Bakı həmin varianta razıdır", - mənbə söyləyib.

"İzvestiya" onu da vurğulayır ki, mənbənin açıqlamalarına görə, sərt siyasi bəyanatlara rəğmən nəqliyyat dəhlizi ilə bağlı Moskvanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında konstruktiv dialoq qurulub.

Milli.Az