Xameneyi İranda sosial mediaya qarşı sərt tədbirlər görülməsini tələb etdi

29 İyun 2022 13:07

İranın ali rəhbəri Əli Xameneyi iyunun 28-də məhkəmə sistemi işçiləri ilə görüşündə bir daha kiberməkana qarşı sərt tədbirlərin görülməsinə və bu sahədə yeni qanunların qəbuluna çağırıb.

"Vaxtaşırı sosial mediada bir şayiə yayaraq xalqı narahat edirlər. Bu, vətəndaşların psixoloji təhlükəsizliyini pozur. Məhkəmə sistemi bunun qarşısını almaq üçün daha sərt tədbirlər görməlidir. Dünənə qədər bu işi qəzetlər görürdülər. İndi isə buna sosial media da qoşulub", - deyə Xameneyi əlavə edib.

O, kiberməkana nəzarətin yetərincə olmamasına görə məhkəmə sistemini tənqid edib və bununla bağlı daha sərt və yeni qanunların təcili hazırlanmasını tələb edib. Xameneyinin çıxışı internetə nəzarətlə bağlı qanun layihəsinin parlamentin ümumi müzakirəsinə çıxarılması üçün işlər aparıldığı bir vaxtda təsadüf edir.

Xsatırladaq ki, kiberməkana nəzarətlə bağlı qanun layihəsinin hazırlanması Əli Xameneyinin bundan öncə məsələ ilə bağlı sərt xəbərdarlıqlarından sonra, internet və sosial mediaya nəzarəti gücləndirmək məqsədilə hazırlanıb.

Bir sıra bəndlərinin hətta bəzi rəsmi qurumlar tərəfindən də tənqid edilən layihə son aylar insan haqları təşkilatlarının sərt reaksiyası ilə üzləşib.

Həmin təşkilatlar dəfələrlə sözügedən layihənin qüvvəyə minməsindən narahatlıqlarını  ifadə edərək bildiriblər ki, əgər layihə qüvvəyə minərsə, İranda insanların bir sıra fundamental hüquqları, o cümlədən söz azadlığı və şəxsi toxunulmazlıq hüququ pozulacaq.

Milli.Az