Qazaxda əkin sahələri selin altında qalıb - VİDEO

29 İyun 2022 17:52

Milli Hidrometeorologiya Xidməti sel təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, Kür çayının keçdiyi bəzi ərazilərdə suyun səviyyəsi təhlükəli həddə çatıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, son günlər ölkə ərazisində, eləcə də regionda yağan intensiv yağışlar çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Kür çayının Gürcüstan ərazisindən keçən hissəsində Kür-Tbilisi məntəqəsində suyun səviyyəsində 2 metrə qədər artım müşahidə edilib. Artıq bu artım Azərbaycan ərazisində də özünü göstərməyə başlayıb.

Asif Verdiyev deyib ki, Kür çayında suyun səviyyəsində artım xüsusilə respublikanın qərb rayonlarında müşahidə olunur. Mərkəzin direktoru bu ərazilərdə yaşayan sakinləri diqqətli olmağa çağırıb.

Artıq Qazax rayonunda Kür çayında sululuğun artması sakinlərə ciddi ziyan vurub. Rayonun Aşağı Salahlı kəndində əkin sahələri suyun altında qalıb.

Asif Verdiyev əlavə edib ki, Kür çayının aşağı axınında isə sabit sululuq müşahidə olunur. Çayın yuxarı axınında yaxın günlərdə suyun səviyyəsinin azalacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az