Bakıda NARGIS nəşriyyat evinin “Planet Calling” adlı ekoloji sərgisinin açılışı olub - VİDEO - FOTO

28 İyun 2022 16:40

Bakı Dənizkənarı Bulvarında NARGIS nəşriyyat evinin ətraf mühitin mühafizəsi və ekoloji problemlərə həsr olunmuş "Planet Calling" adlı növbəti sərgisinin açılışı olub.

Ekspozisiyada təkrar emalı çətin olan materiallardan və sənaye tullantılarından hazırlanmış 13 instalyasiya, o cümlədənTəhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbələrinin təqdim etdiyi "Gələcəyin enerjisi" əsəri nümayiş etdirilib.

NARGIS nəşriyyat evi "Mayak" əsərini təqdim edib.

Azərbaycanın nazirlik və idarələrinin nümayəndələri, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, fotoqraf Reza Deqati və başqaları sərginin xüsusi qonaqları olublar.

Tədbirin aparıcısı Tural Əsədov qonaqları salamlayaraq NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmudun çoxsaylı sosial və ekoloji layihələrin təşkili təşəbbüsündən danışıb.

Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib. O, dəvətə görə təşəkkür edib və qeyd edib ki, sərginin adı çox mühüm mesajı, fəaliyyətə çağırışı ehtiva edir.

"Təəssüf ki, dünyada ekoloji problem aktualdır və bəşəriyyətə böyük təsir göstərir. Ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə ekoloji tarazlıq probleminə böyük diqqət yetirilir. Mın bu prosesdə NARGIS nəşriyyat evinin fəaliyyətini xüsusi qeyd etmək istərdim", - deyə o bildirib.

Nazir müavini gənc nəslin ekoloji maarifləndirilməsi və tərbiyəsi probleminə toxunaraq, sərgidə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin tələbələrinin işlənmiş batareyalardan hazırladıqları instalyasiyanı xüsusi qeyd edib. O, Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Yaşıl Şəbəkə" hərəkatının nəzdində fəaliyyət göstərən "Ekoklub"un dəstəyi ilə son üç ildə təhsil müəssisələri üçün keçirilən təlimlərdən danışıb.

Bundan sonra çıxış edən Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə sərginin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib.

"Energy of the Future" ("Gələcəyin Enerjisi") instalyasiyasının müəllifləri olan məktəblilər də öz təəssüratları ilə bölüşüblər.

Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, "AzərEnerji" ASC, "Azərişıq" ASC, "Azərsu" ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Baku Steel Company" QSC, Bakı Nəqliyyat Agentliyi, Dövlət Radiotezliklər İdarəsi, "Space 13"-ün dəstəyi ilə həyata keçirilib.

Qonaqları ekspozisiya ilə tanış etdikdən sonra NARGIS jurnalının kollektivi ənənəvi olaraq bulvarda ağac əkib. Tədbir Nicat Mənsimovun çıxışı ilə başa çatıb.

"Planet Calling" sərgisi avqustun 24-dək ziyarətçilər üçün açıq olacaq. Giriş sərbəstdir.

Milli.Az