Bu gün Gül bayramında 10 milyon gül sərgilənəcək

10 May 2010 11:03
Dünən Abşeron rayonunda təşkil olunmuş təntənəli tədbirdə güllərdən düzəldilmiş ölkə atributları, milli geyimdə gəlinciklər nümayiş etdirilib.

Gül bayramının qeyd olunacağı əsas məkan isə Heydər Əliyev parkıdır. Bu gün saat 11.00-dan 20.00-adək park şəhər sakinlərinin və qonaqların üzünə açıq olacaq.

Milli.Az xəbər portalı ANS telekanalına istinadən xəbər verir ki, ötən gündən parkda hazırlıq işləri aparılır. Gül bayramında 10 milyona yaxın gül sərgilənəcək. Burada güllərdən Heydər Əliyevin əksi, Azərbaycanın milli alətləri və güllərdən düzəldilmiş digər maraqlı eksponatlar nümayiş etdiriləcək.

Məlumat üçün deyək ki, sərgidəki güllərin çox hissəsi Hollandiyadan gətirilib. Bundan başqa Bolqarıstan, İsveçrə, Rusiya da daxil olmaqla 12 ölkədən gətirilən çobanyastığı, qızıl gül, zanbaq gülləri bayramı bəzəyəcək.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Heydər Əliyev parkında təşkil olunacaq Gül bayramı axşam saat 21.00-də Milli Parkda, Saat qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə rəngarəng bayram konserti və saat 23.00-da möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Milli.Az