Hansı ölkənin səhiyyə sistemi keyfiyyət etalonu elan edildi?

29 Mart 2012 11:07
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kubanın səhiyyə sisteminin dünyada ən yaxşı olduğunu rəsmən tanıyıb. Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verir. ÜST-nin baş direktorunun müavini Anarfi Asamoa-Baanın sözlərinə görə, dünya bu ölkədən öyrənməlidir.

Onun fikrincə, Kuba başqa ölkələrin səhiyyə sistemlərinin inkişafı üçün model kimi tətbiq edilə biləcək yüksək səhiyyə standartlarına malikdir. Belə qənaət Kubanın paytaxtı Havanada ÜST nümayəndələrinin görüşündə əldə olunub.

Ekspertlər belə bir fakta diqqəti cəlb ediblər ki, ölkədə bütün vətəndaşlara yüksək keyfiyyətli pulsuz tibbi yardım göstərilir. Onlarda, həmçinin yoluxucu xəstəliklərin kökünün kəsilməsinə qarşı yönəldilmiş kampaniyalar da xüsusi təəssürat oyadıb. Kuba öz səhiyyə sistemini lazımi səviyyədə saxlamaqla yanaşı, xarici mütəxəssislərin təhsili ilə də məşğul olur və 32-dən artıq ölkədəki həmkarlarına yardım edir.

ÜST-nin qeyd etdiyi kimi, Kuba biotexnologiyalar, xərçəng əleyhinə vaksinlərin hazırlanmasında da son dərəcə irəli gedib. Ölkə dünyanın təxminən 40 ölkəsinə tibb məhsulları satır.

Xatırladaq ki, bir qədər əvvəl Kuba QİÇS-ə qarşı vaksini insan üzərində sınaqdan keçirməyə başladığını bəyan edib.

Milli.Az