Türk dövlətlərinin HƏRBİ BLOKU yaradılır? - Özbəkistan görüşünün DETALLARI

23 İyun 2022 17:30

"İmzalanan sənədlər yaxın gələcəkdə Özbəkistan ilə Azərbaycan arasında hərbi texniki və hərbi təhsil sahəsində, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşəcəyini ehtimal etməyə əsas verir. Burada Azərbaycanən və Özbəkistanın ortaq birgə layihələr həyata keçirməsi də istisna edilmir".  

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistan səfəri Türk Blokunun yaradılması istiqamətində ilkin addımlardan biri hesab edilə bilər:

"Özbəkistanın kifayət qədər ciddi hərbi texniki potensialı mövcuddur. Azərbaycanın da müdafiə sənayesi məhsulları Özbəkistan üçün kifayət qədər maraqlıdır. Ortada bir Türkiyə faktorunun olduğunu da nəzərə alsaq, o zaman Orta Asiya, Qafqaz və Türkiyə arasında maraqlı bir üçbücaq yaranır ki, bu da yaxın gələcəkdə Özbəkistanın Türk dövlətləri ilə əməkdaşlığının genişlənməsi bəlkə də Türk Dövlətləri Təşkilatı çərçivəsində hansısa bir hərbi blokun yaranmasını da istisna etməməliyik. Amma bu, gələcəyin işidir.

Hazırda regionda, Orta Asiyada, Avropada, Yaxın Şərqdə baş verən proseslər fonunda biz nəzərə almalıyıq ki, hər bir ölkə təhlükəsizlik baxımından özünü daha zəmanətli bir ittifaqda, birlikdə görməkdə maraqlıdır. Bu baxımdan da Özbəkistanın Azərbaycan və Azərbaycan üzərindən Türkiyə ilə daha sıx əlaqələr qurmaqda maraqlı olması heç də təəccüblü deyil. 

Dili bir, dini bir, kökləri bir, mədəniyyəti bir olan xalqların, tərcüməçiyə ehtiyac duymadan bir-birini anlayan xalqların iqtisadi, siyasi, hərbi sahədə daha geniş miqyasda və dərindən əməkdaşlıq etməsi çox təbiidir. Bu (Azərbaycanla Özbəkistan arasında son təmaslar - red.) , gələcəkdə TURAN birliyinin, Türk birliyinin, Türk İttifaqının, Türk Blokunun ilkin toxumları kimi də dəyərləndirilə bilər". 

Təhməz Əsədov
Milli.Az