Şamaxıda altı ay əvvəl çəkilən yol niyə çökdü? - VİDEO

23 İyun 2022 17:52

Təxminən 5-6 ay əvvəl Şamaxı rayonunun Bakı və Məhəmməd Əmin Rəsulzadə küçələri təmir edilib. Yolların asfalt örtüyü yenilənib. Amma hazırda sözügedən küçələrdə müxtəlif hissələrdə çökmə və qabarmalar yaranıb. Sürücülər yollarda çox çətinliklə hərəkət etdiklərini deyirlər. Bəs görəsən yeni təmir edilmiş yolun yararsız vəziyyətə düşməsinə səbəb nədir? Aidiyyəti qurum məsələyə münasibət bildirib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Şamaxıda 5-6 ay əvvəl istifadəyə verilmiş 2 yolda iri çatlar, çökmə və qabarmalar yaranıb. Söhbət Bakı və Məhəmməd Əmin Rəsulzadə küçələrinin yollarından gedir. 

Sakinlər iddia edirlər ki, yollar istifadəyə verildikdən bir-iki gün sonra çökməyə başlayıb. Dəfələrlə gəlib təmir etsələr də, nəticəsi olmayıb.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun nümayəndəsi Rəşad Əliyev bildirib ki, hər iki küçədə 40 il bundan əvvəl çəkilən yeraltı su ötürücüləri lil və çöküntü ilə dolub.  Son günlər yağan intensiv yağışlar nəticəsində sel-suları yeni çəkilən asfalt örtüyünü dağıdaraq bəzi hissələrini yararsız vəziyyətə salıb. Bundan əlavə, Bakı küçəsi sürüşmə zonasında yerləşdiyi üçün həmin yolda torpaq çökmələri baş verir. Rəşad Əliyev yaxın günlərdə kollektor və su ötürücülərinin təmir olunacağını və həmin küçələrə yenidən asfalt örtüyünün vurulacağını bildirib.

Milli.Az