Sərvət və qüdrət – Allahın lütfü yox, imtahanı ola bilər

3 İyul 2022 23:20

"Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla onların xeyirə nail olmalarına tələsirik? (Xeyr,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq)". ("Muminun" 55-56).

Həzrət Peyğəmbərin (s) zamanında yaşayan tayfalar belə hesab edirdilər ki, əgər Allah onlara sərvət və qüdrət veribdirsə, deməli Allah onları sevir. Ancaq bilmirdilər ki, bu imtahan vasitəsiləri onların küfr etməsinə səbəb olan əsil amillər idilər.

Ona görə də hər kim sərvət və çoxlu övlad əldə edər, hesab etməsin ki, bunlar Allahın ona verdiyi lütfdür. Bəlkə bu vasitələr imtahan vasitələridir ki, Allah onların axirətdəki əzabını məhz bu imtahan vasitəsi daha da şiddətləndirər.

Bu insanlar peyğəmbərlər (ə) tərəfindən haqqa tərəf dəvət olunsalar da, nəfsləri onları mal və dövlətə bağladığı üçün hidayəti qəbul edə bilmirdilər. Ona görə də üsyan edir və müxalifətlik göstərirdilər.

Tarix bu kimi insanların sonunu bizə göstərmiş və insanlara ibrət olsun deyə nəql etmişdir. Ancaq qafil insan cahiliyyət dövründə olduğu kimi, öz əcdadlarının təfəkkürünü bu günə qədər də davam etdirməkdədir.

Müasir zamanda da elə insanlara rast gəlmək olur ki, sərvət və övladları ilə öyünür və onların yardımına söykənir və Allahdan üz çevirirlər.

Əksinə öz səhvlərini başa düşsələr, tövbə və nalə etsələr, saleh əməllər yerinə yetirsələr - nicat tapmaqları üçün zəminələr hazırlamış olarlar. Ancaq bu mal və dövlət gözlərini elə bağlamışdır ki, heç bir həqiqəti eşitmir və görmürlər.

Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, Allah Təala buyurur: "Nə zaman dünya mömin bəndəni sıxar, o, qəmgin və qüssəli olar. Halbuki bu, Mənə yaxınlaşmasının bir yoludur. Əgər dünyada ona bolluq versəm, sevinər. Halbuki, bu məsələ Məndən uzaqlaşmaq mənbəyi olar"".

Əmirəl-möminin (ə) buyurur: "Ey Adəm övladı! Əgər görsən ki, Allah dalbadal sənə Öz nemətlərindən əta edir və sən itaətsizlik edirsən, ona görə Allahından çəkin".

Milli.Az