Həkim az qala yeni doğulmuş uşağın qulağını kəsəcəkdi

22 İyun 2022 20:45

Meksikanın Aşağı Kaliforniya ştatının Mexikali şəhərində bir doğum həkimi xəstəxanada elektrik kəsilməsi səbəbindən qeysəriyyə əməliyyatı zamanı yeni doğulmuş körpənin qulağını yaralayıb və az qala kəsəcəkdi.

Milli.Az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

19 yaşlı Karla Urizandi iyunun 6-da Xuan Adriel Solisi dünyaya gətirib. Qadın səhər saat 11-də xəstəxanaya gətirilib, 12:30-da doğuş otağına köçürülüb, saat 12:48-də isə elektrik enerjisi kəsilib. Bu zaman nədənsə qəza generatoru işə düşməyib və klinika 26 dəqiqə qaranlığa qərq olub.

Qadına artıq anestezik iynə vurulduğundan həkimlər planlı qeysəriyyə əməliyyatı etmək qərarına gəliblər. "Onlar üç cib telefonu ilə qarnımı işıqlandırmaqla qeysəriyyə əməliyyatına başladılar. Mən imtina etməyə çalışdım və ölmək istəmədiyimi söylədim. Mən həqiqətən qorxdum", - dedi Urizandi.

Həkimlər hemangiomanı - uşağın başının şişməsinə səbəb olan doğum ləkəsini çıxarmaq istəyəndə onun sol qulağını kəsiblər. "Bir neçə dəqiqədən sonra körpəmin ağladığını eşitdim. Düşündüm ki, yanıma qoyacaqlar, amma olmadı. Onlardan uşağın harada olduğunu soruşdum", - deyə gənc ana bildirib.

Həkimlərdən birinin çəkdiyi videoda həkimin qışqıran uşağı tutaraq adyalın üstünə qoyduğu görünür. Əri Xuan Solis ona pis xəbərlə gələnə qədər Urizandi uşağın yaralanmasından xəbərsiz idi. "Mən gözlədim ki, həkim yanıma gəlib hər şeyi izah etsin, amma bu baş vermədi", - dedi qadın.

Doğuşda olan qadın və əri prokurorluğa şikayət edərək xəstəxananı və əməkdaşlarını vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər. Ailə hazırda hadisədən sonra sağalmaqda olan uşaqla evdədir.

İrfan Vəliyev
Milli.Az