Azərbaycan düşmənləri məyus edəcək SƏNƏDi İMZALADI - Gücümüz ARTIR

22 İyun 2022 11:55

Yerləşdikləri coğrafiyanın iki mühüm oyunçusu olan Azərbaycan və Özbəkistan arasında bütün istiqamətlər üzrə əlaqələr özünün qızıl dövrünə qədəm qoydu. Ötən gün Daşkəndə Azərbaycan Prezidenti İlham Əliyevin geniş tərkibdə baş tutan dövlət səfəri belə deməyə əsas verir. 

35 milyonluq Özbəkistan Orta Asiyanın önəmli ölkələrindən biridirsə, Azərbaycan da Qərbə açılan yeganə qapı kimi Qafqazın ən vacib ölkəsidir. Prezident İlham Əliyevin 12 illik fasilədən sonra Özbəkistana səfəri təkcə Bakı-Daşkənd xəttində yeni mərhələnin başlanması yox, həm də türk coğrafiyasının dərin inteqrasiyası baxımından önəmli məqamdır.

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin imzaladıqları bəyannamədə iki ölkənin hər bir sahədə sıx əməkdaşlıq istiqamətində olduqca əhəmiyyətli addım atdığını təsdiqləyir və bu sənədlər dövlətlərin gələcək üçün geniş planlarından xəbər verir.

Ən önəmli məqamlardan biri isə bu səfərin 25 il əvvəl Ulu öndər Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşməsidir. Bu mənada İlham Əliyevin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə keçmişdə imzalanan sənədlərin yeni reallıqlara uyğunlaşdırılması kontekstində müzakirə aparıldığının şahidi olduq və hər iki tərəf dövlətlərimiz, xalqlarımız arasında keçmişin ənənələrinə söykənərək əlaqələri daha sıx şəkildə qurmaq məqsədilə 19-a yaxın sənədə imza atdılar.

Amma təbii ki, bu iki ölkə arasında əlaqələrin daha da inkişafı istiqamətində atılan önəmli addımlara diqqət yetirərkən nəzərə almalıyıq ki, burada söhbət təkcə ikitərəfli münasibətlərdən getmir. Azərbaycan və Özbəkistan müvafiq regionlarda qabaqcıl, lider ölkələrdən hesab edilir.

Bizi bağlayan eyni geosiyasi faktorlar:

⚫️ Həm Azərbaycan, həm də Özbəkistan heç bir siyasi hərbi Alyansların (NATO, KTMT və s.) üzvü deyil. Azərbaycan və Özbəkistanın mövqeyi bu baxımdan keçmiş postsovet ölkələrin bir çoxundan fərqlidir. 

⚫️ Daxili siyasətdə də müəyyən bir oxşarlıq var: Sabitlik və islahatlara meyillilik. 

Bu gün Azərbaycan və Özbəkistan arasında münasibətlərdən danışarkən heç şübhəsiz ki, ilk növbədə Türk Dövlətləri Təşkilatını unutmaq olmaz. Xüsusən də dünyada gərgin geosiyasi vəziyyət fonunda bu əməkdaşlıq olduqca böyük önəm kəsb edir.

Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin bu səfəri xüsusilə dünyada baş verən son hadisələr - Rusiya-Ukrayna müharibəsi, dəyişən güc balansı, qida, su, və yanacaq böhranı, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqət çəkir.

Bu xüsusdə Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan və Özbəkistanın müstəqil siyasət aparmaları diqqətdən yayına bilməz. Hər iki dövlət bu cür qlobal miqyaslı münaqişələrə münasibətdə öz dəstixətti ilə seçilir. Bizim ikitərəfli münasibətlərimiz həm də beynəlxalq arenada stabilləşdrici funksiyanı yerinə yetirir desək, daha doğru olar.

Doğrudur, ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində ticari, mədəni, hərbi əməkdaşlıqlar diqqət mərkəzində olsa da, burada qlobal ərzaq böhranının gözlənildiyi, ciddi infilyasiya təhlükələrinin artdığı bir məqamda Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi məsələsi ikitərəfli münasibətlərdə əsas prioritetlərdən hesab ediləcək kimi görünür. 

Çünki istənilən bir regional əməkdaşlığın əsas hədəflərindən biri bu olur ki, qarşılıqlı ticarət əlaqələri genişlənsin, iqtisadiyyat artsın, ümumdaxili məhsul artsın və nəticədə rifah artsın.

Ölkələrimiz arasındakı münasibət geosiyasi konteksdə böyük əhəmiyyətə malik olmaqla yanaşı, eyni zamanda da Azərbaycan-Özbəkistan və Azərbaycanın digər Türkdilli dövlətlərlə əlaqələri həm fərdi fayda yarada bilmə potensialına malikdir, həm də regional fayda vermə potensialını özündə ehtiva edir.

Nəzərə alsaq ki, Asiya ilə Avropanın iki açar dövləti arasında belə bir məqamda bu əlaqələrin inkişafı, daha da genişləndirilməsi üçün artıq Zəngəzur dəhlizi kimi böyük bir səbəb də var, o zaman bu yolun nəinki iki ölkənin, eləcə də iki qitənin gözlənilən böhranlardan müəyyən mənada xilası baxımından əvəzsiz əhəmiyyətə malik olacağını istisna etməməliyik. Hazırda Türk Dövlətləri Təşkilatının əsas məqsədlərindən biri də məhz budur. 

Təhməz Əsədov
Milli.Az