70-dən sox idmançının “Heydər zirvəsi”nə yürüşü başa çatdı

9 May 2010 22:42

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupunun Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə yürüşü uğurla başa çatıb.

Federasiyanın mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yürüşə 70-dən çox dağ idman növü ilə məşğul olan idmançı qatılıb. Mayın 8-də Bakı şəhərindən başlanan yürüş Xınalıq yolunda baş vermiş sürüşmə ilə əlaqədar başqa alternativ piyada yollarla Qızıl Qaya massivinin ətəklərində davam edib və günün sonunda ekspedisiya üzvləri zirvəyə qalxmağa hazırlıq üçün həmin ərazidə düşərgə qurublar.
 
Müvafiq avadanlıq və ləvazimatlardan ibarət olan 20 kiloqramlıq bel çantası ilə hərəkət edən yürüş iştirakçıları qarşılaşdıqları bütün çətinliklərə, eləcə də sərt relyef və mürəkkəb hava şəraitinə baxmayaraq mayın 9-da qarşıya qoyulan məqsədə uğurla çatmış və "Heydər zirvəsi"ndə Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar.

Ulu Öndərin xatirəsinə böyük ehtiram əlamətinin göstəricisidir ki,  respublikanın müxtəlif bölgələrindən, şəhər və kəndlərindən bu aksiyaya qoşulan tələbələrin, ziyalıların, fəhlə və kəndlilərin sayı ilbəil artmaqda davam edir.

Milli.Az