Möminə hörmət qoymaq nə deməkdir? 5 nümunə

28 İyun 2022 23:40

Kəramət və kərim sözlərinin mənası - nəciblik, alicənablıq və yaxşılıq çatdırmaqdır.

İslam dininin nəzərinə görə, Allah bütün insanlara kəramət vermişdir. İslamın nəzərinə görə, kəramət iki növdür: biri zatidir, biri isə sonradan əldə olunandır.

Zati kəramət bütün insanların fitrətinə qoyulmuşdur. Qurani-Kərim bu haqda buyurur: "Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik". ("İsra" 70).

Ancaq sonradan əldə edilən kəramət - möminlərə xas olan sifətlərdəndir. Mömin imanı və təqvası sayəsində Allah tərəfindən olan xüsusi kəraməti əldə edər. Ona görə də möminin hörməti Kəbə evinin hörmətindən də üstün hesab olunur.

"Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır". ("Hucurat" 13).

Möminlərə hörmət qoymağın nümunələri:

1. Məsləhət etmək. Allah Təala Həzrət Peyğəmbərinə (s) xitab edərək buyurur ki, insanlarla məsləhət et. Çünki onların da nəzərləri dəyərli ola bilər. Bu da möminlərə edilən kəramət və hörmətin nümunələrindən biri hesab oluna bilər.

2. Hal-əhval tutmaq. Əgər Peyğəmbərin (s) həyatına nəzər salsaq, görərik ki, o Həzrət (s), möminləri ağ və ya qaradərili olduğuna və irq fərqliliyinə görə ayırmırdı. Onların hamısına təqva səviyyələrinə görə hörmət qoyardı. Onların halını soruşar və onlarla söhbət edərdi. Əgər bir nəfəri üç gün görməsəydi, onun barəsində dua edərdi, əgər xəstə olsaydı, onun ziyarətinə gedərdi.

3. Xitabda ədəbə riayət etmək. Həzrət Peyğəmbər (s) həmişə çalışardı ki, insanlara xitab edən zaman onların şəxsiyyətini alçaldan sözlərdən çəkinsin. Ona görə də onları künyələri ilə çağırardı. Əgər kiminsə künyəsi olmasaydı, onun üçün künyə təyin edərdi.

4. Əyləşən zaman ehtiram göstərmək. Peyğəmbər (s) səhabələri ilə əyləşən zaman o qədər sadə və təvazökar olardı ki, onu tanımayan insanlar heç zaman deməzdilər ki, bu, Həzrət Peyğəmbərdir (s).

5. Səmimi rəftar. İnsanlarla səmimi rəftar etmək - onlara hörmət etməyin başqa bir nümunəsidir. Səmimiyyət qəlbləri bir-birinə yaxınlaşdırar və məhəbbətin artmasına səbəb olar.

Milli.Az