"Tiktokda əxlaqsızlığı təbliğ edənlər bu gün efirdə seriala, verilişə dəvət alır" - Tanınmış aktyor

21 İyun 2022 12:07

"Teatrdan 4 ildir ki, uzaqlaşmışam. Buna da səbəb serialda çəkilməyim olmuşdu. Teatra gələ bilmirdim, ona görə də orada işləməyim alınmadı. Ürəyim hələ də teatrla döyünür, çox darıxıram. Təbii ki, istərdim teatrda çalışım, amma əlavə işim də olsun. Çünki təkcə teatrın maaşı ilə dolanmaq olmur. Əyləncə mərkəzində kloun, animator işləyirəm. Aya 600 manat əmək haqqı alıram, 650 manat da ev pulu ödəyirəm. Heç cür dolana bilmirəm, çatdırmaq mümkün deyil".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktyor Cavanşir Məhərrəmov deyib. O daha sonra əlavə edib.

"Nə film çəkilişi var, nə də ki, serial. Söz veriblər, amma ortalıqda heç nə yoxdur. Dəvət almıram hələ ki. İnanın ürəyim partlayır, elə bir hala gəlib çatmışam ki, evi də dolandıra bilmirəm. Qazancım, əlavə gəlirim yoxdur. Bilmirəm hara gedim, nə edim? Yaxud da mən də gərək bayağı şeylərlə gündəmə gəlim, tiktoka girib camaata deyim ki, "mənə jeton atın", biabırçılıq edim, bəlkə sonra məni də seriala dəvət edərlər. Çünki bu gün bəziləri elədir. Tiktokda əxlaqsızlığı təbliğ edənlər bu gün efirdə seriala, verilişə dəvət alır. Pulsuzluqdan uşağımın üzünü də görmürəm" deyə sənətçi bildirib.

Qeyd edək ki, Cavanşir Məhərrəmov "İmtahan" serialında əsas rollardan birinə çəkilib. O 4 il əvvələ qədər Bakı Uşaq və Gənclər Teatrında çalışıb.

Milli.Az