Mina problemimiz İsveçrədə müzakirə olunacaq

20 İyun 2022 17:36

2022-ci il 20-22 iyun tarixlərində Lüksemburq, Belçika Krallığı və İsveçrədə humanitar minatəmizləmə mövzusunda silsilə görüşlər keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə səfər təşkil olunub.

Belçika Krallığı və İsveçrədə bir neçə beynəlxalq qurumlarla təşkil olunan görüşlərin məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, onun törətdiyi nəticə və fəsadları, minalarla yüksək səviyyədə çirklənmə səbəbindən bərpa və yenidənqurma işlərinə maneələri, eləcə də bu sahədə dünya ictimaiyyəti və donorlara çağırış edilməsidir.

Məlumdur ki, mina və müharibənin partlayıcı qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına ciddi təhdid və maneədir. Bu istiqamətdə görülən birgə səylər və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində beynəlxalq dəstəyin göstərilməsi Azərbaycanda mövcud mina probleminin humanitar fəsadlarının və bu problemin regionda dayanıqlı sülhün bərqarar olmasına maneə yaratmasının aradan qaldırılması, həmçinin iqtisadi layihələrin reallaşdırılması və azad edilmiş ərazilərə həyatın qaytarılması istiqamətində fəaliyyətə öz müsbət töhfəsini verəcəkdir.

Milli.Az