Beynəlxalq Muğam Mərkəzi bu səfirliklə memorandum imzaladı

20 İyun 2022 15:00

Beynəlxalq Muğam Mərkəzi və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyi arasında mədəni əməkdaşlıq sahəsində memorandum imzalanıb. Memorandumu BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov və Braziliya Federativ Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Manuel Monteneqro  imzalayıb.

Direktor Murad Hüseynov memorandumun mədəni əməkdaşlıqda mühüm töhfə olacağına əminliyini ifadə edib. Diqqətə çatdırıb ki, bu günə kimi BMM-nin səhnəsində bir neçə dəfə braziliyalı musiqiçilərin konsertləri təşkil edilib. Ötən ilin dekabr ayında  pandemiyadan sonra, dekabr ayında "Rioda bir gecə" adlı konsert proqramı BMM səhnəsindən şəhərimizin sakinləri və qonaqlara Cənubi Amerika ab-havalı musiqi axşamı bəxş etmişdi. Həmçinin Heydər Əliyev Fondu tərəfindən təşkil edilən  "Muğam aləmi" adlı  Beynəlxalq Muğam Festivalında , Ənənəvi Bakı Caz Festivallarında da braziliyalı musiqiçilər səhnəmizin qonağı olublar. Memorandum Azərbaycanlı muğam ifaçılarının Braziliyada braziliyalı musiqiçilərin isə Azərbaycanda milli musiqi ənənələrinin təbliğinə yeni imkanlar yaradacaq. İncəsənət fərqli mədəniyyətlərin dialoqunu yaradır. Musiqiçilər isə bu dialoqun ən gözəl nümunələrini təqdim edirlər.

Səfir Manuel Monteneqro bildirdi ki, Braziliya və Azərbaycan coğrafi olaraq məsafələrdə yerləşsələr də, mədəniyyət baxımından müəyyən yaxınlıqlar xalqları birləşdirir. Azərbaycan və Braziliyanın  tarixi köklərə söykənən musiqisi var. Qarşılıqlı olaraq bu tarixin təbliğinə töhfəmizi verməkdən məmnunuq.
Qeyd edək ki, BMM və Braziliyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə iyun ayının 27-də BMM-də Braziliyanın populyar "Choronas" instrumental musiqi qrupunun konsertinin keçiriləcək. 1994-cü ildə San-Paulu musiqiçiləri tərəfindən yaradılan ansambl bu günə kimi dünyanın bir çox səhnələrində konsert proqramı ilə çıxışlar edib.

Milli.Az