Xaricə gedənlər meymunçiçəyi ilə bağlı ehtiyatlı olsunlar - İnfeksionist

20 İyun 2022 12:07

Dünyanın bir neçə ölkəsində yayılan meymunçiçəyi virusunun qonşu Gürcüstanda da aşkarlanması Azərbaycanda da əhali arasında bu xəstəliklə bağlı narahatlığı artırıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən həkim-infeksionist Mərdan Əliyev bildirib ki, meymunçiçəyi virusunun COVID-19 kimi geniş yayılması real deyil:

"Meymunçiçəyi xəstəliyi daha çox Afrikada, xüsusilə də tropik meşələrin yaxınlığında müşahidə edilir. Lakin getdikcə digər qitələrdə, o cümlədən Avropa və Amerikada yayılmaqdadır. Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir. Bununla yanaşı meymunçiçəyi virusunun qeydə alındığı ölkələrə gedən şəxslər çox ehtiyatlı davransınlar", -deyə infeksionist bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən bildiriblər ki, Azərbaycanda bu günə qədər meymunçiçəyi xəstəliyinə yoluxma qeydə alınmayıb.

Milli.Az