"Bəzən yıxılmışam, bəzən də yıxmaq istəyiblər"

21 İyun 2022 01:30

"İlk dəfə "Pərvanələrin rəqsi" serialındakı Afət obrazı mənə uğur gətirdi. Daha sonra "Vicdan haqqı", "Bozbaş pictures" seriallarındakı obrazlarım tamaşaçılar tərəfindən sevildi. Hər obraz, hər rol mənə uğur gətirib. Buna görə tamaşaçılarıma təşəkkür edirəm. Kimlər ki, məni sevir, sevmir hamısına. Bir insanı, aktrisanı hamı hamı sevə bilməz. Elə insanlar var ki, həzm edə bilmir, qəbul etmir".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva bildirib. O daha sonra əlavə edib.

"Nə qədər olub ki, yıxılmışam, ağlamışam və yenidən ayağa durmuşam. Bəlkə də Allahın bir sınağı olub. Məsəl var, deyirlər ki, "özü yıxılan ağlamaz". Bəzən özüm yıxılmışam, bəzən də yıxıtmaq istəyiblər, yıxıblar da. Amma ayağa qalxmışam. Mən bir insanı həyatımdan kəsməyim, kəsdimsə, həyatımdan kənarlaşdırdımsa artıq o insan ayağımın altına qırmızı yox, qızıldan da xalça sərsə geri qayıtmağın mümkünatı yoxdur. Bəzən biz aktrisaları qınayırlar ki, toylara gedirlər, oxuyurlar. Yaxşı, bəs biz necə dolanaq? Mən teatrda çalışmıram, çəkilişlərim çox azdır, nə etməliyəm? Ehtiyac üzündən restoranlarda oxumuşam, sonradan toy biznesinə başlamışam" deyə sənətçi bildirib.

Aktrisa bir müddət əvvəl dünyasını dəyişən anasından da danışıb.

"Hələ də inanmıram ki, anam dünyasını dəyişib. Elə bilirəm ki, qapı açılacaq, nə vaxtsa içəri daxil olacaq. Ananın itkisinə kim inanır ki, mən də inanım? Çox çətindir, çox! Nə qədər çalışıramsa möhkəm olum, amma alınmır. Bu dərd məni içəridən yeyir. Həyatımda nəsə çatışmır, nəsə yoxdur. Onu tez-tez ziyarət edirəm, baş daşı ilə söhbət edirəm. Çox təəssüf ki, mən onu son mənzilə yola sala bilmədim. Nankor övlad olmamışam, ona yaxşı övlad olmuşam. Sadəcə olaraq onu məndən küsdürdülər. Kaş yaşayardı, eybi yox məni danışdırmazdı, amma yaşayardı" deyə aktrisa bildirib.

Milli.Az