"Biz bunu müzakirə etməliyik"

20 İyun 2022 09:05

Almaniya kansleri Aİ-ni genişlənməyə hazır olmağa çağırıb

Almaniya kansleri Olaf Şolts, o cümlədən daha da genişlənmək məqsədilə Aİ-ni qərar qəbuletmə mexanizmlərini modernləşdirməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə Almaniya lideri "DPA" agentliyinə bildirib.

"Avropa İttifaqı genişlənməyə hazırlaşmalıdır. Bunun üçün o, öz strukturlarını və qərar qəbuletmə proseslərini modernləşdirməlidir. Bu gün həll edilməli olan məsələlərlə bağlı yekdil qərarlar qəbul etmək həmişə mümkün olmayacaq. Biz bunu Aİ sammitində bir çox başqa mövzularla birlikdə müzakirə etməliyik", - O.Şolts qeyd edib.

Kansler həmçinin bildirib ki, 20 il əvvəl namizəd olmuş ölkələrə ittifaqa qoşulmaq üçün "konkret" hərəkətlər təklif etmək lazımdır. Əks halda belə bir təəssürat yaranacaq ki, bu status heç nəyə gətirib çıxarmır.

Avropa Komissiyasının kollegiyası Avropa Şurasına Ukraynaya ittifaqa üzv olmaq üçün namizəd statusunun verilməsini tövsiyə edib. İyunun 23-24-də keçiriləcək Aİ sammitinin iştirakçıları Ukraynaya bu statusun verilməsinə razılıq versələr, o zaman Kiyev Avropa Birliyinə daxil olmaq üzrə danışıqlara başlamaq üçün bir sıra islahatlar aparmalı olacaq.

Milli.Az