Təyyarənin kapitanı səmada dəli oldu - VİDEO - FOTO
28 Mart 2012 12:11
Milli.Az CNN-ə istinadən bildirir ki, "JetBlue" aviaşirkəti təyyarənin kapitanının səmada özünü qəflətən pis hiss etdiyini və bu səbəbdən də təyyarəni endirdiyini bildirib.
Sərnişinlərin bəziləri isə kapitana yardım etmək üçün pilot kabinəsinə keçməyə çalışdıqlarını, bu zaman pilotların öz aralarında "hansısa bombadan" danışdıqlarını vurğulayıblar.
"Sky News" bildirir ki, təyyarənin qəfil enişinin səbəbi kapitanın özünü pis hiss etməsi yox, qəflətən dəli kimi hərəkətlər etməsidir.
CBS bildirir ki, təyyarənin kapitanı, 49 yaşlı Kleyton Frederik Osborn qəflətən yerindən duraraq salona girib, sərnişinlərin arasında qaçmağa, "Bomba var, bomba var!" bağırmağa başlayıb.
Bu zaman təyyarədə 135 sərnişin vardı.
İnsident təyyarə səmaya qalxandan 3,5 saat sonra baş verib.
"Kapitan salona çıxdı və sərnişinlərlə danışmağa başladı. O, çox qəribə davranırdı. Sanki ağlını itirmişdi. Kapitan sonra pilot kabinəsinə qayıtmaq istədi, amma o biri pilotlar qapını bağlamışdılar", - sərnişinlərdən biri deyib.
Təyyarənin ikinci pilotu isə bildirib ki, kapitanın əcaib davrandığını görərək onun çölə çıxmasına nail olub, sonra da qapını içəridən bağlayıb.
Kapitan isə qapını döyəcləyib, pilot kabinəsinə buraxılmasını istəyib.
İstəyinə nail olmayanda isə o, yenidən salonda o baş-bu başa qaçmağa və çığırmağa başlayıb: "İraq! "Əl Qaidə"! Terrorizm! Bomba! Düşürük! Dua edin!"
Stüardessalardan biri sərnişinlərə müraciət edərək dəli olmuş kapitanı sakitləşdirmələrini istəyib.
Aralarında Nyu-York polisində çalışmış 50 yaşlı Devid Qonsales də olan 4 sərnişin dəli olmuş kapitanı yerə yıxaraq, qollarını bağlayıblar.
Sərnişinlərdən Toni Antolino və Pol Babakitis təyyarə enənə qədər kapitanı qollarından tutub saxlayıblar.
Xoşbəxtlikdən, sərnişinlərdən biri mülki aviasiya pilotu olub. Məhz onun yardımı ilə təyyarə Amarilyo limanında yerə enib.
Təyyarə enən kimi təcili yardım maşını kapitanı aparıb.
İnsidenti ABŞ-ın Federal Təhqiqat Bürosu araşdırır.
Kleyton Osborn 12 ildən bəri "JetBlue" aviaşirkətində çalışırdı və ən usta, peşəkar pilotlardan biri sayılırdı.
Milli.Az
Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.

















Fotolar: CNN, The Reporters Edge, Pronews 7, amarillo.com, Getty İmages