Albaniyanın "News 24" telekanalı Qarabağdan reportaj hazırlayıb - VİDEO

17 İyun 2022 18:42

Albaniyanın birinci 24 saatlıq xəbər telekanalı olan "News 24" Qarabağdan reportaj hazırlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, reportajda qeyd olunur ki, telekanalın çəkiliş qrupu ikinci Qarabağ müharibəsi nəticəsində erməni işğalından azad edilmiş Azərbaycan torpaqlarında olub.

Materialda münaqişənin qısa tarixçəsi barədə məlumat verilir, həmçinin hazırda işğaldan azad edilmiş torpaqlardakı vəziyyət təsvir edilir, Azərbaycanın burada apardığı bərpa işləri vurğulanır.

Telekanalın müxbiri bildirir ki, münaqişə bitdikdən sonra işğal zamanı ermənilər tərəfindən bu torpaqlara yerləşdirilən və Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən zərərsizləşdirilən minalar problemi aktual olaraq qalır.

Reportajda, həmçinin Azərbaycan qəbiristanlıqlarının erməni vandalizmi nəticəsində dağıdılması faktları göstərilir.

Bundan əlavə, jurnalist işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən müasir layihələrdən - rekord müddətdə Füzuli Beynəlxalq Hava Limanının tikintisindən, daha iki hava limanının tikintisi planlarından, eləcə də Zəngilanda "Ağıllı kənd" layihəsindən danışır.

Materialda ayrıca olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində görülən işlərdən bəhs edilir. Müxbir şəhərin tarixindən, "Şuşa ili" çərçivəsində keçirilən tədbirlərdən bəhs edir.

"İşğal müddətində Şuşanın infrastrukturu, o cümlədən, çoxmənzilli binalar, ibadət yerləri, tarixi-mədəni obyektlər tamamilə dağıdılıb", - materialda deyilir.

Müxbirin sözlərinə görə, 28 illik işğaldan azad edildikdən sonra Şuşada genişmiqyaslı bərpa işləri aparılır.

"Azərbaycan hökumətinin məqsədi azad edilmiş əraziləri minalardan tamamilə təmizləmək və bu əraziləri bərpa etməkdir", - müxbir bildirir.

Reportajda deyilir ki, hökumətin məqsədləri arasında həm də Ermənistanla münasibətlərin normallaşdırılması dayanır.

Milli.Az