Türkiyənin “Eurovision-2010” təmsilçisi "MaNga" Bakıdadır
8 May 2010 23:13
Milli.Az xəbər portalının məlumatına görə, qrup Bakıya "Eurovision" mahnı müsabiqəsinin promo-turları çərçivəsində səfər edib. İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsindən portalımıza verilən məlumata görə, "MaNga" qrupu sabah saat 12.00-da İTV-nin "Eurovision 2010" verilişinin qonağı olacaq. Xüsusi proqramda "MaNga" qrupu müsabiqə ilə bağlı son hazırlıq işlərindən danışacaq və mahnılar ifa edəcəklər. May ayının 10-na kimi Bakıda səfərdə olacaq Türkiyənin "Eurovision" təmsilçiləri bu müddət ərzində Azərbaycanın media mənsubları ilə də görüşəcəklər. Qrupun bir sıra çıxışları da nəzərdə tutulur.
Qeyd edək ki, "MaNga" qrupu 55-ci "Eurovision" müsabiqəsində mayın 27-də keçiriləcək II yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaq. Qrup müsabiqədə "We Could Be The Same" mahnısını ifa edəcək.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə milli yayımçısıdır.
Günay
Milli.Az