İçəri Şəhərdə nadir muzey eksponatlarının sərgisi olacaq

8 May 2010 17:06
Bu barədə Milli.Az xəbər portalına Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçəri Şəhərdə muzey işinin sistemləşdirilməsi, bu sahədə fəaliyyətin gücləndirilməsi, muzey eksponatlarının təqdimatının ən müasir üsullarla həyata keçirilməsi ardıcıl surətdə davam etdirilir. "Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyinin fond materiallarından incilər" adlı daimi sərginin açılışı 10 may tarixində - Ümummilli lider Heydər Əliyevin ildönümü günündə, eyni zamanda 18 may - Beynəlxalq muzeylər günü ərəfəsində keçiriləcəkdir. Bütövlükdə sərginin ən yüksək səviyyədə keçirilməsi üçün Qoruq İdarəsi tərəfindən Şirvanşahlar sarayında abadlaşdırma işləri, o cümlədən işıqlandırma sisteminin yenidənqurması, eksponatların nümayişi həyata keçirilən otaqlarda kamera-nəzarət sisteminin təşkili işləri görülmüşdür.

Sərgidə arxeoloji qazıntılar nəticəsində tapılmış əşyalar, qədim xalça və xalçaçılıq məmulatları, etnoqrafik nümunələr, metal məmulatları, rəsmlər, sikkələr nümayiş olunacaqdır. Əksəriyyəti ilk dəfə nümayiş olunacaq eksponatlar "Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi fondunun nadir və qiymətli nümunələrindən ibarətdir. Sərginin açılışı "İrs" musiqi ansamblının müşayiətilə keçiriləcək və sonda tədbir iştirakçıları ansamblın ifasında muğam dinləyəcəklər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi şəhərimizin sakinlərini və qonaqları qədim Şirvanşahlar Sarayının yenilənmiş ekspozisiyasını ziyarət etməyə dəvət edir və xatırladır ki, 10 may - Ümummilli liderin doğum günü və 18 may - Beynəlxalq muzeylər günündə muzeylərə giriş pulsuz olacaqdır.

Milli.Az