Təvəkkül nədir? Təvəkkül edən şəxsin üzərinə hansı vəzifələr düşür?

19 İyun 2022 20:40

Biz Allaha təvəkkül edə bilməyimiz üçün nələri bilməliyik?

1. Allahın mehriban olmasından agah olmalıyıq. "De: "O (sizi tövhidinə dəvət etdiyim kəs bütün varlıq aləminə) rəhmət bəxş edən Allahdır, Ona iman gətirdik və Ona təvəkkül etdik. Beləliklə, tezliklə kimin açıq-aşkar bir azğınlıqda olduğunu biləcəksiniz"". ("Mülk" 29).

Allaha təvəkkül etməyin ən mühüm amili odur ki, Onu hamıdan çox özünə qarşı mehriban biləsən. Onun bəndələrinə qarşı xeyirxah olduğundan şübhən olmasın.

2. Biləsən ki, Allah sənin üçün nə xeyirli olduğunu yaxşı bilir. "Bizim Rəbbimiz elm və agahlıq baxımından hər şeyi əhatə etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında haqq əsasında hökm çıxar və (ixtilafı) həll et ki, sən hakim və həll edənlərin ən yaxşısısan". ("Əraf" 89).

Allaha təvəkkül etmək üçün bəndə əmin olmalıdır ki, Allah onun üçün ən yaxşısını istəyir. Çünki onun həm zahirindən və həm də batinindən agahdır.

3. Allah bəndələrin xeyirxahıdır. "Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda, biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbir edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər". ("İbrahim" 12).

Bizi Allah xəlq etdiyi üçün insana nəyin xeyirli və nəyin zərərli olduğunu insanın özündən daha yaxşı bilir.

4. Allahın qüdrətli olduğuna inanmaq. "Kim Allaha təvəkkül etsə, şübhəsiz (qalibdir, çünki) Allah yenilməz qüdrət və hikmət sahibidir". ("Ənfal" 49).

"Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir". ("Təlaq" 3).

5. Hər kim Allaha təvəkkül edər, onun işi natamam qalmaz. "Heç vaxt ölməyən O diriyə təvəkkül et və Onu həmd-səna ilə birgə pak sifətlərlə mədh et (və hər bir nöqsandan uzaq və pak bil). Bəndələrinin günahlarından Onun xəbərdar olması kifayətdir". ("Furqan" 25).

Allah elə bir vəkildir ki, yox olmur, yorulmur və qəflətə düşmür. (İslami saytlara istinadən)

Bəs Allaha təvəkkül edən şəxsin üzərinə hansı vəzifələr düşür?

1. Səy göstərmək və hərəkət etmək. Təvəkkül o deməkdir ki, insan əlindən gələni etsin və nəticəsini Allaha tapşırsın. Ona görə də təvəkkül edən insan üçün səy göstərmək mühüm amillərdəndir. "Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur". ("Nəcm" 39).

2. Məxluqdan ümidini üzmək. Təvəkkül edən üçün lazım olan ikinci məqam - başqa insanlardan ümidini üzməkdir. Yəni, ancaq onların yardımına ümid bəsləməsin. Özü bu yolda səylər göstərsin. O zaman ki, Peyğəmbər (s) Cəbrayildən (ə) təvəkkülün mənasını soruşur, o buyurur: "Təvəkkül - onu bilməkdir ki, məxluq nə ziyan vura bilər, nə də fayda verə bilər". Ona görə də təvəkkül, həqiqi mənasını alması üçün insan gərək başqa məxluqların yardımından əlini üzsün və ancaq Allaha ümid bəsləsin.

3. Özünə etimad etmək. Hər kim Allahın ona verdiyi istedadları tanımazsa və özünü kəşf etməzsə, o zaman özünü zəif və heç bir işə yaramayan bir məxluq kimi hiss edər. Belə bir insan iş görmək üçün cürət əldə edə bilməz. Ona görə də təvəkkül edən insanın özünə inamı güclü olmalıdır və öz istedadlarını tanıyıb, onlardan yardım almalıdır.

4. Səbir etmək. Hədəfə çatmaq üçün dinimiz bizə həmişə səbir etməyi tövsiyə etmişdir. Təvəkkül mövzusu da ondan istisna deyildir. Təvəkkül edən insan səbir edib, işin sonunu gözləməyi bacarmalıdır. "Həmin o kəslər ki, səbr etdilər və həmişə öz Rəbbinə təvəkkül edirlər". ("Nəhl" 42).

5. İşin nəticəsindən qorxmamaq. Allaha təvəkkül edən insan xüsusi şövq və cürətlə səy göstərər, çünki Allaha təvəkkül etmişdir və nəticəsindən də qorxmaz. O xüsusi əzmlə irəli gedər. "Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: "Mənə Allah kifayətdir, o Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir"". ("Tövbə" 129).

6. İşin nəticəsindən razı qalmaq. Bəndə əgər Allaha təvəkkül edirsə, Allah onun üçün nə təqdir edərsə - gərək ona razı olsun və qəbul etsin. Əmin olsun ki, məhz bu nəticə onun xeyiri və islahı üçün faydalıdır. "Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir". ("Təlaq" 2-3).

Milli.Az