Şagirdlərə tutulan toy: qızların erkən ərə verilməsinin kökü niyə kəsilmir?

7 İyun 2022 12:45

Sabirabadda 9-cu sinif şagirdi olan qızın toyu ləğv edilib. Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, azyaşlı qızın 2 həftə sonra oğlan toyu olacaqmış.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə üzərindən açıqlama yayaraq bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılır: "Vaxt təyin olunan toy mərasimin keçirilməsinin qarşısı alınıb. Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq".

Təəssüf ki, bu, Azərbaycanda ilk hal deyil. Yəqin ki, sonuncu da olmayacaq. Bəs ölkədə qızların erkən ərə verilməsi hallarının kökü niyə kəsilmir? Yüzdə yüz bu zaman qız uşaqlarının rəyi, arzuları, gələcəklə bağlı planları əsla nəzərə alınmır. Görəsən yeniyetmə qızların qanuna və hüquqa zidd olaraq erkən ərə verilməsində iqtisadi amil, dolanışığın çətinləşməsi nə dərəcədə həlledici rol oynayır? Nəhayət, belə hallara görə valideynləri hansı cəza gözləyir?

Əhməd Qəşəmoğlu: "Elə qızlar var ki, 14-15 yaşından ərə getməyi arzulayır, çünki..."

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu "Yeni Müsavat"a danışıb. Sosioloq qeyd edib ki, mövcud problemlə bağlı humanitar siyasəti dəyişməyin zamanıdır: "Bu mövzuda dəfələrlə müzakirələr aparılıb, maarifləndirmə, təbliğat işləri görülüb.  Bəs niyə bütün bunların nəticəsi yoxdur? Ona görə yoxdur ki, biz bu işi lazım olan səviyyədə görmürük, lazım olan işlər aparılmır. Mən Əhməd Qəşəmoğlu 20 ildir bununla bağlı haray salıram, SOS siqnalı verirəm, baxan yoxdur. Axı mən gənc sosioloq deyiləm, bu sahənin hər üzünü tədqiq edən və zamanında 5 il Milli Məclisin Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin rəhbəri olmuşam.

Məsələ burasındadır ki, bu problemin qarşısını almaq üçün tamamilə başqa işlər görülməlidir. İndi görülən işlər sadəcə özümüzü aldatmaqdır. Valideynlər arasında qızlarını tez ərə verənlər arasında araşdırmalar aparmışam, erkən yaşda ərə gedən qızlarla da söhbətlər etmişik. Əvvəla bir çox qızları döyə-döyə ərə vermirlər. Elə qızlar var ki, onların dünya görüşü elə formalaşdırılıb ki, artıq 14-15 yaşından ərə getməyi arzulayır. Bir neçə dəfə Salyanda, Şamaxıda və digər rayonlarda  bu cür halların qarşısını almağa nail ola bilmişik. Hesab edirəm ki, bu barədə dövlət tərəfindən aparılan humanitar siyasətdə dəyişikliklər olmalıdır, işlər fundamental şəkildə görülməlidir. Gündən-günə həssaslaşan, artan prosesi başdansovdu hansısa tədbirlər vasitəsi ilə həll etmək mümkün deyil.

Bəzi valideynlər deyir ki "əgər mən qızımı oxutmayacamsa, onu niyə evə yük edim, elə indidən ərə verim". Amma məsələnin kökündə təkcə iqtisadi problem dayanmır. Sovet dövründə 50-60-cı illərdə də iqtisadi problemlər, çətinliklər var idi, amma o zaman hamı qızını ərə vermirdi, cəmiyyətdə elə bir ovqat var idi ki, qızlar oxumalıdır və qızların oxuması üçün köməkliklər edilirdi. Bunun üçün də bütün universitetlərin, texnikumların yataqxanaları var idi. Qızlar Bakıya gələndə onlar üçün yataqxanalar təşkil edilirdi. Amma indi valideynlər deyir ki, qızımı Bakıya göndərə bilməyəcəm, çünki mənzil kirayələməyə imkanım yoxdur. Doğrudan da hesablayanda mənzil kirayəsi, gündəlik yemək tələbatları üçün bir tələbəyə ayda 500-600 manat lazım gəlir ki, bu da kənd və rayonlarda olan yoxsul ailələr üçün əlçatmaz məbləğdir. Beləliklə, bunun üçün yerlərdə yoxsulluğun qarşısını almaq lazımdır".

Novella Cəfəroğlu: "Bir çox kənd yerlərində  3-4-cü sinifdən sonra qızların məktəbə getməsinə icazə verilmir"

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da qeyd etdi ki, problemin kökündə təkcə iqtisadi faktor dayanmır: "İllərdir ki, bu problemlə mübarizə aparırıq. Əlbəttə ki, məsələ ilə bağlı qanun var, lakin həmin qanunlar yetərincə işlədilmir. Bütün bunlar qanun, bələdiyyə, polisin  gözü qarşısında baş verir. Daha bir məsələ, cəmiyyətin biganəliyidir. Erkən nikahların baş verdiyi yerdə camaat, əhalisi buna hazırlanmalıdır, polislərlə, bələdiyyələrlə, eyni zamanda ata-analarla, məktəblərlə ayrıca işlər aparılmalıdır. Bütün bunlar kompleks şəkildə təşkil olunmalıdır. Bu gün icra hakimiyyətləri yanında yeniyetmələrlə iş qurumu, bu problemlə bağlı səlahiyyətli olan bələdiyyələr var. Amma onların heç biri işləmir.

Xatırlayıram ki, yerlərdə bu məsələ ilə bağlı işlər aparanda biz mollalarla da söhbətlər edirdik. Bildirirdik ki, hansısa yeniyetmə qıza din kəbini kəsilərsə, erkən nikaha cəlb olunarsa, bunun məsuliyyətini siz çəkəcəksiniz və sairə. Bu cür işlər görülməlidir. Bir sözlə, qanuna tabe olub, qanuna işlətmək lazımdır. Kənd məktəblərində monitorinqlər aparmışıq. Məlumatınız varmı ki, kənd məktəblərində qızlar neçənci sinifdən məktəbə getmir? 3-4-cü sinifdən. Valideynlər qızlarının 3-cü sinifdən sonra məktəbə getməsinə icazə vermir. Doğrudur, sovet dövrünü heç birimiz sevmir, onu təbliğ etmirik. Amma baxın, o dövrdə hansı valideynin hünəri var idi ki, qızının məktəbə getməsinə icazə verməsin. Buna Təhsil Nazirliyi diqqət etməlidir ki, necə olur ailələr qızlarını aşağı sinifdən məktəbdən təcrid edir, onların təhsil almaq hüququnu əlindən alır? Bütün bu problemlər ortalığa çıxmalıdır.

Məlum məsələdir ki, erkən nikahların böyük əksəriyyətinin sonrakı fəsadları çox böyük olur. Tutaq ki, erkən yaşda ana olan qadının əri ya Rusiyaya gedir, ya vəfat edirsə və yaxud onu tərk edirsə, qadın ortalıqda qalır. Çünki təhsili yoxdur, qaynana, qayın onu yaxın buraxmır, eləcə də ailəsi, qadın qucağında körpəsi çöllərdə qalır. Bütün bunlar bizim  gözümüzün önündə baş verir. Ona görə də məsləyə daha ciddi daha məsuliyyətli yanaşmaq lazımdır".

Əlövsət Allahverdiyev: "Nikah yaşına çatmayan şəxsi nikaha cəlb etmə 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır"

Hüquqşünas Əlövsət Allahverdiyev isə mövzuya bu cür şərh bildirdi: "Bu olduqca aktual məsələdir, həm də cəmiyyət üçün ciddi problemdir. Məlumdur ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsinə görə Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Qanunun tələblərinə baxmayaraq, bir çox hallarda valideynlər yetkinlik yaşına çatmayan, tam fəaliyyət qabiliyyəti formalaşmayan övladlarını ailə qurmağa məcbur edirlər. Təbii ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176 -1 -cı maddəsinə görə məsuliyyətə səbəb olur. Həmin maddə qadının nikaha daxil olmağa məcbur etməni qadağan edir. 176-1.1-ə görə qadını nikaha daxil olmağa məcbur etmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

176-1.2-yə görə isə eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunun bu qadağasına baxmayaraq, təəssüf ki, valideynlər buna əməl etmirlər, sanki övladları erkən yaşda ailə quranda xoşbəxt olacaqlar. Amma görünən odur ki, yetkinlik yaşına çatmayanların ailə qurmasının sonu tam uğursuzluqla bitir".

Erkən nikah qızların tükəndirilməsi, fizioloji olaraq qadınların istismar edilməsi, onların fundamental hüquqlarının pozulmasıdır. Həmçinin bu yaşda olan qızlar ailə, uşaq sahibi olmaq qurmağa fizioloji, psixoloji cəhətdən hazır deyillər. Anaya ehtiyacı olan qızlar özləri erkən yaşda ana olurlar.

Bununla da ailə anlayışını dərk edə bilməyən qızlar uğurlu ailəyə də sahib ola bilmirlər. Həkimlər və tibbi ekspertlər isə bildirir ki, qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Bundan başqa, qızlar qadınlıq və analıq dövrlərində yaşı az olsa belə, onlarda qadınlaşma, püxtələşmə prosesləri başlayır. Beləliklə, orqanizmdə hormonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur. Təcrübədə qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Həmin yaş həddində orqanizmdə formalaşma hələ tam başa çatmamış sayılır.

İstisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu da vurğulayırlar. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır...

Milli.Az