Azərbaycan "Qarabağ" brendli balı dünya ölkələrinə ixrac edəcək

7 İyun 2022 09:34

Bu il azad edilmiş ərazilərdə və digər rayonlarda istehsal edilmiş balın "Qarabağ" brendi adı altında ixracı nəzərdə tutulur.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

B.Həsrətovun sözlərinə görə, bu il başlayandan işğaldan azad olunan torpaqlarda təxminən 20 min arı ailəsi yerləşdirilib.

"Arı ailələrinin yerləşdirilməsi davam edir. Proqnozlarımıza görə, azad olunmuş torpaqlarda 30 min arı ailəsi yerləşdiriləcək.

İşğaldan azad edilən torpaqlarımızda arıçılığın inkişafı üçün münbit şərait var. Bu yerlərdə arıçılıq sürətlə inkişaf edəcək.Biz tezliklə işğaldan azad olunan torpaqların hesabına daxili bal tələbatımızı ödəməklə yanaşı xaricə də bal ixrac edəcəyik. Bu ilin üçüncü rübündən sonra, azad edilmiş ərazilərdə və digər rayonlarımızda istehsal edilmiş balın "Qarabağ" brendi adı altında ixracı nəzərdə tutulur. Bu istiqamətdə işlər gedir", - assosiasiya sədri deyib.

Milli.Az