Elxan Poluxov: “Nazir gələn həftə həmsədrlərlə görüşmək niyyətində deyil”

8 May 2010 13:51
Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib. Bunun səbəbi isə nazirin iş qrafikinin sıxlığıdır.

"Xarici işlər naziri Elmar Məmmədyarovun iş qrafikinin sıxlığı ilə bağlı onun Brüsselə səfəri nəzərdə tutulmayıb, çünki gələn həftə xaricdən bir sıra yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir", - deyə E. Poluxov vurğulayıb.

Xatırladaq ki, mayın 6-da ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın vaxtlarda Avropada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşlər keçirəcəklərini bəyan ediblər. Bu gün Ermənistan tərəfi xarici işlər naziri Edvard Nalbandyanın gələn həftə Brüsseldə həmsədrlərlə görüşəcəyi barədə rəsmi məlumat yayıb.

E. Poluxov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar çərçivəsində əsas işin Ermənistan tərəfi ilə aparılmasının vacibliyini vurğulayıb: "Bizim tərəf artıq mövqeyini bildirib. Müvafiq razılıqların əldə olunması məqsədilə növbəti mərhələyə keçmək üçün Ermənistan tərəfi ilə iş aparmaq lazımdır".

/APA/