Gəncədə narkoloji müayinə və müalicə işi müasirləşdiriləcək

26 Mart 2012 18:52
Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserindən verilən məlumata görə, narkoloji müayinə və müalicə işi müasirləşdiriləcək. Qərb bölgəsində narkomanların sayında artım müşahidə edildiyindən mübarizə məqsədi ilə təbliğat işləri gücləndirilir.

Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində ümumilikdə qərb bölgəsinin 9 rayonundan olan 421 nəfər narkotik aludəçisi qeydiyyatdadır və onların əksəriyyəti rayonların payına düşür. Bu haqda dispanserin həkim-narkoloqu Kifayət Əliyeva məlumat verib. Onun sözlərinə görə, qərb bölgəsi əhalisinin sayına nisbətdə Qazax, Tovuz və Şəmkir rayonlarında narkomanların sayında artım müşahidə olunub.

"2010-cu ildə qeydiyyatda olan 396 nəfərlə müqayisədə artım var. Bu da əsasən xəstələrin həkimə inamının artması ilə bağlıdır. Alkoqolizmdən əziyyət çəkənlərin sayında da artım müşahidə olunub. Belə ki, 1043 nəfərdən 1171-ə qədər yüksəlib. Ötən il 31 nəfər narkoman qeydiyyata götürülüb. 6 nəfər isə qeydiyyatdan çıxarılıb. Bu da onların qeydiyyatdan çıxarılması ilə bağlı olub".

Müsahibimizin sözlərinə görə, dispanserdə davamlı müalicə alan narkotik alüdəçilərinin 70 faizi bu bəladan tam qurtula bilir. Dispanserə qeydiyyata düşən narkotik istifadəçiləri əsasən 20-40 yaş arasında olan şəxslər və əksəriyyəti kişilərdir. Narkotikdən istifadə edən qadınlar isə on səkkiz yaşından yuxarı olmaqla, 4-5 faiz təşkil edir. Müsahibimiz həmçinin ötən il ərzində görülən təbliğat işlərindən də danışıb.

"Həkimlərimiz tərəfindən orta və ali məktəblərdə mühazirələr oxunub, tələbə və şagirdlərin suallarına cavab verilib. Xəstəliyin gedişatı törətdiyi fəsadlar, proflaktiki tədbirlərdən, bu prosesdən uzaq durmağın yollarından söhbət açılıb. Bundan başqa, ötən il ərzində qərb regionundakı rayonlarda fəaliyyət göstərən həkimlərə 3 elmi praktik konfranslar keçirilib".

Kifayət Əliyeva bildirib ki, bu il dispanserə narkoloji müayinələrin müasirləşdirilməsi üçün yeni avadanlıqlar alınacaq.

Milli.Az