"TEKNOFEST" festivalının Azərbaycanda keçirilməsi elm sahəsində texnologiyaların inkişafına təkan verəcək - Nazir

29 May 2022 18:40

Azərbaycanda texnologiyaların və innovasiyaların inkişafına təkan verən "TEKNOFEST"ə bənzər tədbirlər növbəti illərdə də davam edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son dörd gün ərzində biz bu kimi hadisələrin bütün fəaliyyət sahələrində texnologiyanın inkişafına necə təkan verə biləcəyini gördük.

"TEKNOFEST Aerokosmik və Texnologiya Festivalının Azərbaycanda keçirilməsi elm sahəsində texnologiyaların inkişafına təkan verəcək", - deyə nazir bildirib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.

Bakıda "Teknofest" festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda "Teknofest" in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

"Teknofest" tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.AzMilli.AzAzernewsEastweststreamToday.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Milli.Az