Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə uçuşları - VİDEO - FOTO

29 May 2022 18:04

Bakıda keçirilən "Texnofest Azərbaycan" aerokosmik və texnologiya festivalı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib. Hər iki qardaş ölkənin hərbi təyyarəçilərinin çətin pilotaj manevrlərlə uçuşlarını iştirakçılar alqışlarla qarşılayıblar.

Eyni zamanda, festivalda Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları katerlərlə izləyicilərə həyəcanlı anlar yaşadıblar. HDQ-nin xüsusi təyinatlılarının sərt gövdəli kater və hava yastıqlı qayıqlarla sahil əməliyyatları üçün nəzərdə tutulmuş manevrləri də izləyicilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunub.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.

Bakıda "Teknofest" festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda "Teknofest" in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

"Teknofest" tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.AzMilli.AzAzernewsEastweststreamToday.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Milli.Az