Türkiyə və Azərbaycanın texnologiya sahəsində də birgə addımlayacağının mesajı verildi - Rəşad Nəbiyev

29 May 2022 15:53

"TEKNOFEST" festivalı sayəsində Türkiyə və Azərbaycanın yalnız iqtisadi sahədə deyil, texnologiya sahəsində də birgə addımlayacağının mesajı verildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, bu formatda hər hansı tədbirlərin ölkəmizdə keçirilməsi labüddür. Çünki ötən dövr ərzində bu festivalın nə qədər fayda verdiyini gördük.

"TEKNOFEST"i məqsəd kimi görmürdük, vasitə kimi baxırdıq. Bu kimi tədbirlər uşaqlarımızda informasiya texnologiyalarına maraq artırır", - deyə nazir əlavə edib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.

Bakıda "Teknofest" festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda "Teknofest" in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

"Teknofest" tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.AzMilli.AzAzernewsEastweststreamToday.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Milli.Az