Azərbaycan və Polşa arasında birbaşa aviareysin açılması iki ölkə xalqlarının yaxınlaşmasına töhfə verəcək.
Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Varşava-Bakı-Varşava beynəlxalq aviareysinin açılması münasibətilə keçirilən mətbuat konfransında deyib.
"Son iki ildə agentliyimiz ölkəmizin xaricdə tanıdılması istiqamətində işlər aparıb və aparmaqda davam edir. Bu işlərin nəticəsi olaraq Azərbaycan və Polşa xalqlarının yaxınlaşmasına töhfə verəcək birbaşa aviareysin açılması hesab oluna bilər", - deyə K.Qasımov əlavə edib.
Onun sözlərinə görə, Polşanın "LOT" aviaşirkətinin Bakıya uçuşlara başlaması turizm axınını artıracaq və iki ölkə arasında əlaqələri daha da yaxşılaşdıracaq.
"Bu aviareysin açılması xalqların daha da yaxınlaşmasına dəstək olacaq. Azərbaycanda Polşanın mədəni irsi mövcuddur. Dövlət Turizm Agentliyi Azərbaycan tanıtımı ilə bağlı bir sıra tədbirlər təşkil edib və bu reysin açılmasına dəstək olub", - deyə K.Qasımov qeyd edib.
Bu gün səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda "LOT" aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub. Ənənəvi olaraq Bakı Beynəlxalq Hava Limanında yeni aviadaşıyıcının təyyarəsi su tağı ilə qarşılanıb. Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə yerinə yetiriləcək.
Milli.Az