Keçmiş MTN-in generalı və bir neçə digər vəzifəli şəxsi azadlığa buraxılıb

28 May 2022 12:00

Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, onların 7-i də azadlığa buraxılıb.

Azadlığa buraxılanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Teymur Quliyev və MTN-in digər vəzifəli şəxsləri var.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tərəfindən mayın 27-də imzalanan Əfv Sərəncamının icrasına başlanılıb.

Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Milli.Az