Azərbaycanda bu gün BİR İLK - Ən yeni tarixin BAŞLANĞICI

28 May 2022 10:22

"Milli kimliyin inkişafı ölkənin inkişafının bütün mərhələləri üçün həmişə böyük əhəmiyyət kəsb edib və mövcud dünya düzəninin üzə çıxardığı reallıqlar sübut edir ki, onun rolu bundan sonra da artacaq".

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycanın nüfuzu regionda və dünyada günü-gündən artır:

"Milli kimliyi dərk etmək milləti hər hansı zərərli təsir və qüvvələrdən qoruyan əsas amillərdən olmaqla bu yolla inkişafın ən yüksək pilləsinə qalxmaq mümkündür. Çünki kimlik, milli özünüdərk məfhumları millətdə maraq, qürur, namus, vətənpərvərlik, mənəviyyat, inam və məsuliyyət kimi dəyərləri nümayiş etdirən yüksək mənəvi qüvvədir. Milli və dövlətçilik adət-ənənələri kimliyin milli şüurla bağlılığını və vəhdətini sübut edir. 44 gün ərzində bütün dünya xalqımızın bu məfhumları ən yüksək zirvədə tutaraq Vətənə bağlılığının hansı səviyyədə olduğunun əyani şahidi oldu.

Çünki eyni zamanda dünyada qloballaşma proseslərinin dərinləşdiyi bir şəraitdə, təəssüflər olsun ki, milli kimliyə, milli maraqlara və mənəvi-ideoloji təhlükəsizliyə etinasızlıq, bəzi hallarda insanların keçmişini və gələcəyini itirməsinə səbəb olan ideoloji təhdidlərə biganəliyin mövcudluğunun da şahidi oluruq. Xalqlar milli özünüdərk proseslərinə ciddi diqqət yetirməklə mənəvi-əxlaqi dəyərlərini canlı tutmalı, xalqı istiqlal ideyalarına sadiqlik ruhunda tərbiyə etməli, eyni zamanda demokratik dövlətçilik prinsiplərini dərinləşdirməlidir. Ölkənin bütün şəhər və kəndlərinin timsalında vətənin qürur hissi ilə parlayan mühitini yaratmağa paralel olaraq insanların həyatında mənəvi-əxlaqi mühit tələb olunmursa, milli kimliyi, milli maraqları başa düşmək çətindir. Cəmiyyətin birliyini və tərəqqisini təmin etmək üçün məhz ideoloji əsaslı mühitin yaradılmasına ehtiyac var. Bunun üçünsə Lider amili olduqca mühüm əhəmiyyət kəsb edir ki, toplumu düzgün istiqamətləndirib, idarə edə bilsin.

2003-cü ildən bu günə qədər Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi, siyasətinin təməlində Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan azərbaycançılıq məfkurəsinin dayanması, siyasi, sosial-iqtisadi həyatın bütün sferaları da daxil olmaqla qeyd olunan istiqamətlər üzrə köklü dəyişikliklərlə müşahidə olunması Azərbaycanı qüdrətli dövlətə çevirdi. Dövlət başçımızın Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, tarixin ən güclü Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda sayılan, nüfuzlu dövlətə çevrilməsi məhz Ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında bu ideyaların xalqımız tərəfindən ən ali mərtəbədə tutulmasıdır. 

Dəyişikliklərini vaxtında dərk edən, milli kimliyinə, milli dəyərlərinə hörmətlə yanaşan xalq ən yüksək ehtiramla gələcəyi üçün möhkəm təməl qura bilər. Bəşəriyyət nə qədər elmi, siyasi, iqtisadi inkişafda olsa da, insanların öz əcdadlarının əqli, mənəvi-əxlaqi kamilliyini irsi olaraq daşımaq üçün səy göstərməsi, onlar kimi olmağa çalışması təbiidir. Axı milli özünüdərk insan şüurunun səviyyəsini üzə çıxaran emosional və rasional ideyaları özündə birləşdirən qüvvədir. Bütün bu amillər əsas tutulmaqla 2021-ci il oktyabrın 15-də "Müstəqillik günü haqqında Azərbaycan Respublikasının Qanunu"nun qəbul olunması olduqca mühüm və tarixi addım idi.

Müstəqillik gününün ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edilməsi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın müstəqillik günü ərəfəsində Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər etmələri, Zəngəzur dəhlizinin  avtomobil, dəmir yolu və hava komponentlərinə elektrik xətti marşrutunun qoşulması, xüsusilə bu tarixi günün də qardaş Türkiyə ilə birgə qeyd edilməsi verilən rəmzi və olduqca çəkili mesajdır.

1915-ci ildən Bakının azad olunmasından başlayaraq bu günə qədər də Türkiyə bizim müstəqilliyimizin ayaq səslərinin gurultulu bir şəkildə qulaqlarda cingildəməsinin ən böyük dəstəkçisidir. Dövlət başçımız tərəfindən atılan düşünülmüş, sistematik və ən əsası nəticəyönümlü bütün addımlar vahid amala yəni, Böyük qayıdışa, Azərbaycanın nüfuzunun regionda və dünyada artmasına birbaşa xidmət edir. 

44 günlük Vətən müharibəsinin nəticəsi, tarixi Zəfərimiz regionda geosiyasi və geoiqtisadi dəyişiklik yaratdısa, eyni zamanda tarixi proseslərə konseptual olaraq yenidən və sistemli baxışı zəruri etdi. Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Bu ifadəni leksikondan həmişəlik silməklə Qarabağ iqtisadi zonasının yaradılması,  milli toponimlərimizə yenidən nəfəs verilməsi, Azərbaycan Respublikasının Müstəqillik Gününün 28 may tarixi, 18 oktyabrın isə Dövlət Müstəqilliyinin bərpası gününün olması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına alınan torpaqlarımıza sancılan bayrağımız, o torpaqlarda səsləndirilən himnimiz, qürurla nümayiş olunan dövlət gerbimiz olmaqla dövlət atributlarımızın yaşının da müstəqilliyimiz qədər olması faktı elə 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq regionda yaratdığımız reallıq kimi isbata ehtiyacı olmayan aksiomdur".

Təhməz Əsədov
Milli.Az